Türkiyədə ilk dəfə dünyaya gələn zürafə balasının adı müəyyənləşib. Vətəndaşların da iştirakı ilə keçirilən səsvermə nəticəsində balaya “Çınar” adı verilib.
Sherg.az xəbər verir ki, Gaziantep Doğal Yaşam Parkında dünyaya gələn erkək zürafə balası ölkə tarixində ilk belə hadisə kimi qeydə alınıb. Balanın adının seçilməsi üçün sosial şəbəkələrdə sorğu təşkil olunub.
Fatma Şahin "Habertürk TV"-də yayımlanan “Burası Haftasonu” proqramında çıxışı zamanı bildirib ki, səsvermənin nəticəsinə əsasən zürafə balasının adı “Çınar” olaraq müəyyən edilib.
Məlumata əsasən, park Türkiyənin ən böyük, Avropanın ikinci, dünyanın isə dördüncü ən böyük təbii yaşam məkanlarından biri hesab olunur. Burada doğulan zürafə balası qısa müddətdə ziyarətçilərin böyük marağına səbəb olub.
Qeyd edək ki, zürafə balası parkın sevilən sakinləri olan Şakir və Selvi cütlüyünün balasıdır. Təxminən 15 ay davam edən hamiləlik dövründən sonra fevral ayında dünyaya gələn balanın atası Şakir bu müddətdə həyatını itirib.
Sorğuda balaya “Şakir” adı da təklif olunsa da, yekun nəticədə vətəndaşların ən çox səs verdiyi “Çınar” adı qalib gəlib.