Almaniya sahillərində nəfəs kəsən əməliyyat - Balina xilas edildi

Almaniya sahillərində həftələrlə quruya oturaraq həyat uğrunda mübarizə aparan “Timmy” adlı kambur balina uğurlu əməliyyat nəticəsində xilas edilib.

Məlumata görə, hadisə Almaniya sahillərində baş verib. Xilasedicilər xüsusi plan əsasında balinanı su ilə doldurulmuş barja vasitəsilə Danimarka açıq sularına daşıyaraq Şimal dənizinə buraxıblar.

Sherg.az xəbər verir ki, əməliyyatı maliyyələşdirən təşəbbüskarlardan Karin Valter-Mommert bildirib ki, balina barjadan ayrıldıqdan sonra su püskürərək sərbəst şəkildə üzməyə başlayıb. Onun hazırda düzgün istiqamətdə hərəkət etdiyi və öz gücü ilə üzə bildiyi qeyd olunub.

Mütəxəssislərin sözlərinə görə, daşınma zamanı balinanın bədənində kiçik zədələr aşkarlansa da, bunlar ciddi hesab edilmir. "Timmy"nin növbəti mərhələdə Norveç sahilləri istiqamətində üzərək Arktik bölgəyə doğru hərəkət edəcəyi gözlənilir.

Balina ilk dəfə martın 23-də Lübeck yaxınlığında, Baltik dənizi sahilində qumlu ərazidə quruya oturmuş vəziyyətdə aşkarlanıb. Öz gücü ilə xilas olmağa çalışsa da, bir neçə dəfə yenidən sıxışıb və ilkin xilasetmə cəhdləri nəticəsiz qalıb.

Sonradan özəl təşəbbüskarlar balinanın xüsusi su dolu barjaya yönləndirilməsi planını hazırlayıblar. Bəzi mütəxəssislər bu üsulun heyvana zərər verə biləcəyini desə də, əməliyyat uğurla yekunlaşıb.

Xilasedicilər balinanı barjaya çatdırmaq üçün qumda xüsusi kanal qazıb, xüsusi qayışlarla onu istiqamətləndiriblər. Balinanın sürətlənərək barjaya daxil olması sahildə toplaşan insanlar tərəfindən alqışlarla qarşılanıb.

Mənbə: AFP