“The Liberum” nəşri Azərbaycan Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışına həsr olunan “Əliyev doktrinası: Azərbaycan dünyadakı yerini necə müəyyənləşdirir?” sərlövhəli məqalə dərc edib.
APA-nın məlumatına görə, məqalədə bildirilir ki, Prezidentin çıxışı Azərbaycanın son üç onillikdə keçdiyi yolu ümumiləşdirməklə yanaşı, ölkənin beynəlxalq münasibətlərdə davranışını müəyyən edən prinsipləri sistemli şəkildə ortaya qoyub. Müəllif bu yanaşmaların bütövlükdə “Əliyev doktrinası” adlandırıla biləcək vahid xarici siyasət konsepsiyası formalaşdırdığını yazır.
Məqalədə doktrinanın beş əsas prinsip üzərində qurulduğu qeyd olunur: təhlükəsizlik sahəsində özünə güvənmək, iqtisadi suverenlik, bloklara qoşulmadan tərəfdaşlıq, qarşılıqlı olaraq daxili işlərə qarışmamaq, strateji təmkin və etibarlılıq.
Müəllifin fikrincə, bu yanaşmanın əsasını dövlətin təhlükəsizliyi və inkişafı üçün ilk növbədə öz imkanlarına arxalanması təşkil edir. Prezident İlham Əliyevin qurultaydakı “Bizə heç kimin köməyi lazım deyil, heç kimin himayəsinə də ehtiyacımız yoxdur” fikri məqalədə bu siyasətin əsas ifadələrindən biri kimi təqdim olunur.
Nəşr Azərbaycanın təhlükəsizlik siyasətinə toxunaraq yazır ki, ölkənin hərbi potensialının öz maliyyə imkanları hesabına formalaşdırılması xarici asılılığın qarşısını alan əsas amillərdən biri kimi qiymətləndirilir. Müəllif növbəti ilin büdcəsində müdafiə və təhlükəsizlik üçün təxminən 9 milyard manatın ayrılmasını da bu siyasətin davamı kimi göstərir.
İkinci əsas istiqamət kimi iqtisadi suverenlik qeyd edilir. Məqalədə Azərbaycanın xarici borcunun ÜDM-in 5,6 faizini təşkil etdiyi, valyuta ehtiyatlarının isə 90 milyard dollara çatdığı bildirilir. Müəllifin fikrincə, xarici kredit və yardımlardan asılılığın minimuma endirilməsi Bakının siyasi qərarlarını müstəqil qəbul etməsinə imkan yaradır.
“The Liberum” Azərbaycanın eyni zamanda müxtəlif güc mərkəzləri ilə münasibətlər qurduğuna diqqət çəkir. Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq formatlarının mövcudluğu, Çinlə hərtərəfli strateji tərəfdaşlıq və ABŞ-la Strateji Xartiya bu siyasətin nümunələri kimi göstərilir. Məqalədə Türk Dövlətləri Təşkilatının da Azərbaycanın xarici siyasətində getdikcə daha mühüm yer tutduğu vurğulanır.
Müəllifin fikrincə, bu siyasətin fərqləndirici xüsusiyyəti tərəfdaşlığın hər hansı geosiyasi bloka qoşulmaq anlamına gəlməməsidir. Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərini milli maraqlar əsasında qurmağa və bir tərəflə əməkdaşlığın digər tərəflərlə münasibətləri məhdudlaşdırmasına imkan verməməyə çalışır.
Məqalədə daxili işlərə qarşılıqlı qarışmamaq prinsipi də “Əliyev doktrinası”nın mühüm elementlərindən biri kimi təqdim edilir. Müəllif yazır ki, Bakı başqa dövlətlərin daxili seçimlərinə müdaxilə etmədiyi kimi, tərəfdaşlarından da Azərbaycanla münasibətlərdə eyni yanaşmanı gözləyir.
Beşinci prinsip isə gücdən istifadədə strateji təmkin və beynəlxalq münasibətlərdə etibarlılıq kimi göstərilir. Məqalədə Azərbaycanın 2020 və 2023-cü illərdə Qarabağdakı hərbi əməliyyatları müəyyən mərhələdə dayandırması, daha sonra isə sülh gündəliyinə keçməsi bu yanaşmanın nümunəsi kimi qiymətləndirilir.
Müəllif yekunda bildirir ki, bu beş prinsip Azərbaycanın münaqişələr və geosiyasi rəqabətlə xarakterizə olunan beynəlxalq sistemdə müstəqilliyini qorumağa yönəlmiş vahid yanaşma formalaşdırır. Məqaləyə görə, Azərbaycan böyük güclərdən hər hansı birinin tərəfini seçmək əvəzinə, onlarla qarşılıqlı fayda və hörmət əsasında münasibətlər qurmağa çalışır.