“İsrail-Yunanıstan ittifaqı Türkiyəsiz davam edə bilməz"
Prezident Rəcəb Tayyib Ərdoğan və Yunanıstan Baş naziri Kiryakos Mitsotaki Ankarada görüş keçirib. Türkiyə prezidenti və Yunanıstan Baş naziri arasında razılaşmalar imzalanıb. Görüş zamanı əsasən dəniz ticarəti, iqtisadi əməkdaşlıq, zəlzələlər, mədəniyyət, elm və texnologiya sahələrində razılaşmalar əldə edilib.
Xarici siyasət üzrə türk ekspert və jurnalist Emre Diner Sherg.az-a açıqlamasında görüşün iki ölkə arasındakı münasibətlərdən daha çox, regional zəminin yenidən formalaşdırılması istiqamətində atılmış addım olduğunu deyib:
"Ankara-Afina xəttindəki kövrək münasibətlərin əsas səbəbləri var. Yunanıstanın 12 mil israrı, Kipr problemi və İsrail-Yunanıstan əməkdaşlığı Türkiyəni Şərqi Aralıq dənizi enerji tənliyindən kənarda saxlamaq siyasətidir. Bu məqamda xüsusi diqqət yetirilməli bir detal var. İsrailin Baş naziri Netanyahunun ABŞ Prezidenti Donald Trampla görüşdüyü vaxtda Yunanıstanın Baş naziri Mitsotakisin Ankarada olması əsla təsadüf deyil. Yunanıstan Baş nazirinin Ankara səfəri zamanı imzalanan razılaşmalar əsasən iqtisadiyyat və texniki əməkdaşlıq sahələri ilə məhdud qaldı.
Hazırda isə Egey dənizi və Şərqi Aralıq dənizi ilə bağlı əsas mübahisə mövzularında tərəflərin mövqelərində hər hansı dəyişiklik mesajı verilmədi.
Bu baxımdan, böyük mənzərədə məcburi yaxınlaşmadan çox, strateji və regional uyğunlaşma mesajı ön plana çıxdı".
Analitik Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji təchizatı təhlükəsizliyi axtarışlarının sürət qazandığını bildirib:
"Enerji təchizatı təhlükəsizliyi sahəsində Avropa ciddi çətinliklərlə üzləşdi. Nəticədə Xəzər hövzəsi yenidən enerji axınlarının kəsişmə nöqtəsinə çevrildi.
Azərbaycan qazının Türkiyə üzərindən Avropaya daşınması artıq mövcud bir marşrutdur. Bu xəttin ötürücülük qabiliyyətinin artırılması və Şərqi Aralıq dənizi bağlantıları isə yeni bir geosiyasi memarlığı gündəmə gətirir. Bu kontekstdə ABŞ-nin Türkiyə ilə Yunanıstan arasındakı həssas münasibətlərə dair yeni təşəbbüslərlə çıxış etməsi ehtimalı mövcuddur.
Ankara-Afina xəttində baş tutan görüşü dəyərləndirərkən vurğulamalıyıq ki, Mitsotakisin Ankara səfəri yalnız iki qonşu ölkə arasında rutin diplomatik təmas deyil. Son dövrdə Ankara və Afina arasında baş verən təmaslar əslində regional enerji inteqrasiyasının qarşısındakı siyasi riskləri azaltmağa yönəlmiş zəmin formalaşdırmağı hədəfləyir".
Ekspert ABŞ-nin maraqlarına da diqqət çəkib:
"Bu prosesdə ABŞ-nin roluna baxdıqda, demək olar ki, bu Tramp administrasiyasının Xəzərdən Aralıq dənizinə uzanan enerji mərkəzli yeni balans axtarışının sahədəki əksidir.
Cənubi Kiprin AB-də dövr sədri olmasını və Avropa Birliyinin Türkiyəyə artan ehtiyacını da nəzərə almalıyıq. O zaman demək olar ki, bu görüş daha böyük regional strategiyanın tələb etdiyi nəzarətli uyğunlaşma prosesinə dair mesaj verir.
Enerji layihələrinin bölgədə konkret şəkildə özünü göstərdiyi mərhələdə, Ankara-Afina xəttindəki bu diplomatik yumşalmanın müvəqqəti, yoxsa struktur xarakterli olduğu aydınlaşacaq".
Siyasi şərhçi İsrailin Yunanıstan və Cənubi Kiprlə Şərqi Aralıq dənizində qurduğu ittifaqda Türkiyənin yer almamasını, bir ayağı olmayan masaya bənzədib:
"Afina da, Təl-Əviv rəhbərliyi də bunun fərqindədir.
Regional maraqların uzlaşması və bölgədə sabitliyin təmin olunması üçün İsrail-Türkiyə normallaşması zəruridir. Lakin bir məqamı da vurğulamaq lazımdır. İsrail Türkiyəni Şərqi Aralıq dənizi və Egey üzərindən əhatələmə strategiyasından qazanan tərəf ola bilməz. Bu nöqtədə Türkiyənin qırmızı xətti olan Egey problemi mövcuddur. Türkiyə Yunanıstanı hər fürsətdə 12 mil təşəbbüsləri ilə bağlı açıq şəkildə xəbərdar edir. Afinanın bu israrı Türkiyə üçün müharibə səbəbidir.
İsrail isə bu mərhələdə Afinanı müxtəlif hərbi texnika və avadanlıq vədləri ilə cəsarətləndirməyə çalışır.
Emre Diner Təl-Əvivin bu cəsarətinin həm Yunanıstan, həm də İsrail üçün böyük itkilərə yol aça biləcəyinin fərqində olduğunu vurğulayıb:
"Nəticə etibarilə, Türkiyə-Yunanıstan arasında formalaşan “nəzarətli normallaşma” prosesinin qlobal miqyasda və NATO-nun gələcəyi baxımından olduqca önəmlidir".