Yeni partiya yaratmaq niyyətim yoxdur - Pənah Hüseyn

“Siyasi aktivəm, amma partiya rəhbərliyinin işlərinə müdaxilə etmirəm”

Azərbaycan Xalq Partiyasının uzun illər sədri olmuş Pənah Hüseyn partiya rəhbərliyini təhvil verdikdən sonra ictimai-siyasi fəaliyyətini necə davam etdirdiyi diqqət mərkəzindədir. Hazırda o, aktiv siyasi proseslərdə iştirak edir, amma partiyanın indiki rəhbərliyinə təsir imkanlarını qoruyub-qorumadığı, qeyri-rəsmi dəstək verib-vermədiyi və mövqeyini hansı platformalarda ifadə etdiyi ictimaiyyət üçün maraq doğurur.

Eyni zamanda P.Hüseyinin gələcəkdə yenidən siyasətə qayıtmaq niyyətinin olub-olmaması da maraqla izlənilir.

Qeyd edək ki. 2025-ci il 14 dekabr tarixində Azərbaycan Xalq Partiyasının (AXP) VII (növbədənkənar) Qurultayı keçirilib. Tədbir zamanı partiyanın uzun illər sədri olmuş Pənah Hüseyn istefa verərək səlahiyyətlərini Qiyas Sadıqova təhvil verib.

Azərbaycan Xalq Partiyasının sabiq sədri Pənah Hüseyn hazırda siyasi baxımdan daha aktiv fəaliyyət göstərdiyini bildirib. O, Sherg.az-a açıqlamasında qeyd edib ki, internet televiziyalarının dəvətlərini qəbul edir və həmin platformalarda mövqeyini ifadə edir:

“İnternet televiziyaları dəvət edir və orada öz fikirlərimi ifadə edirəm. Həmçinin Feysbuk vasitəsilə yazılar yazır, jurnalistlərə açıqlamalar verirəm”.

Sabiq sədr, hazırda partiya rəhbərliyinə hər hansı xüsusi dəstək göstərmədiyini də vurğulayıb:

“Amma lazım olarsa, sıravi üzv kimi köməyə hazıram. Lakin hansısa təsir göstərmək fikrim və iddiam yoxdur. Ehtiyac yaranarsa, bu istiqamətdə düşünə bilərəm”.

P.Hüseyn yeni partiya yaratmaq və ya sədrliyə qayıtmaq niyyətinin olub-olmaması ilə bağlı suala isə belə cavab verib:

“Belə bir düşüncəm yoxdur”.