“Onsuz da xüsusi xidmət orqanları əsirlikdə olan əsgərlərlə düşmənin necə davrandığını çox gözəl bilir”
Azərbaycanla Ermənistan arasındakı razılaşmaya əsasən, dekabrın 13-də əsirlikdən xilas edilən Aqşin Bəbirov və Hüseyn Axundovun son günlər sosial şəbəkələrdə, xüsusilə tiktokda canlı yayımlara çıxması müzakirələrə səbəb olub.
Keçmiş əsirlərin başlarına gələnlər barədə qeyri-ciddi ortamda etdikləri çıxışlar, eləcə də, onların bəzi ailə üzvlərinin verdikləri müsahibələr müzakirə yaradıb. Bir çox insan Aqşin və Hüseynin tiktokda canlı yayımlara çıxarılmasını izləyici toplamaq məqsədilə əlaqələndirib. Həmçinin keçmiş əsirlərin ermənilərin əlinə düşdükləri vaxt və sonrakı dövrlərdə üzləşdikləri rəftarla bağlı səsləndirdikləri fikirlər birmənalı qarşılanmayıb.
Keçmiş əsirlərin tiktokda qeyri-ciddi blogerlərin canlı yayımına qatılmalarına münasibət bildirən hərbi ekspert, polkovnik-leytenant Elxan Şıxəliyev isə “Sherg.az”a açıqlamasında deyib ki, iki dövlət bir-biri ilə müharibə şəraitində yaşayırsa, əsirlərin olması qaçılmazdır. Xüsusən də, Ermənistanla Azərbaycan arasındakı sərhədlər şərti olduğundan təmas xəttində azıb getmələr, duman-çən səbəbindəm itkin düşmə halları, genişmiqyaslı əməliyyatlar zamanı əsir düşmə halları tez-tez olur:
“Təbii olaraq da əsir götürən tərəf həmin əsgərlərdən qarşı tərəflə bağlı bildiyi məlumatları öyrənməyə çalışır, müxtəlif növ işgəncə üsullarından istifadə edirlər. İkinci halda isə əsirləri əməkdaşlığa cəlb etmək üçün bir çox variantlardan istifadə edirlər. Daha çox şantaj edərək əsirləri vətəndaşı olduğu dövlətə qarşı əməkdaşlığa cəlb edirlər. Bu baxımdan bizim əsirlikdən qayıdan əsgərlərin qeyd etdiyi məsələ bir o qədər də inandırıcı görünmür. Əsirləri erməni qızla evləndirərək əməkdaşlığa cəlb etmək kimi variantları təklif olaraq səsləndirsələr belə, bu ehtimal reallıqdan uzadır”.
Polkovnikin sözlərinə görə, əsirlikdən qayıdan insanların bu cür davranış sərgiləməsi, sosial şəbəkələrdə canlı yayım açıb üzləşdikləri rəftardan, işgəncədən danışması xoşagələn hal deyil:
“Ümumiyyətlə, hərbi əsirlər Vətənə qayıtdıqdan sonra xüsusi xidmət orqanlarının nəzarətində filtirasiyadan keçməlidir. Xüsusi xidmət orqanları onları filtirasiyadan keçirməlidir ki, əsirlikdə olan zaman, yaxud da gələcəkdə casusluğa cəlb olunmaları ilə bağlı hər hansı bir təhlükə olub-olmadığını bilsinlər. Yəni əsirlərin ölkəyə qayıdıb "biz ermənilərlə əməkdaşlıq etməmişik" deməyi ilə iş bitmir. Xüsusi xidmət orqanları qanunauyğun prosedurla bunu öyrənməlidir. Ona görə də indiki mərhələdə əsirlərin mediaya danışması, sosial şəbəkələrdə canlı yayımlar açması doğru deyil. Görünür, bütün bunlar təcrübəsizlik və delitantlıqdan qaynaqlanır. Hər ikisi sıravi əsgər olub, heç bir hərbi rütbəsi olmayan gənclərdən erməni tərəfi nə öyrənə bilərdi k!? Onsuz da xüsusi xidmət orqanları əsirlikdə olan əsgərlərlə düşmənin necə davrandığını çox gözəl bilir. Çıxıb mediada bunları dilləndirmək qəhrəmanlıq sayılmır. Ümumiyyətlə, reallıqdan uzaq məsələlərə toxunmaq isə yersizdir”.