"Tibbi tullantıların son illərdə aktuallaşması COVID-19 pandemiyası ilə bağlı olub".
Bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Milli Məclisdə "Tibbi tullantıların idarə olunması" mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, tibbin sürətli inkişafı, texnoloji inkişaf, insanların tibbi xidmətlərə əlçatanlığının artması müvafiq olaraq tibbi tullantıların artmasına da gətirib çıxarır: "Dünya təcrübəsində tibbi tullantıların idarə edilməsinə yanaşma müxtəlifdir. İnkişaf etmiş ölkələrdə tibbi tullantıların idarə edilməsi qənaətbəxş, kasıb ölkələrdə isə qeyri-qənaətbəxşdir. Bizim ölkəmizdə tibbi tullantıların idarə edilməsinin hüquqi bazası mövcuddur. Bunlardan əsası Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydalardır. Eyni zamanda, onu qeyd etmək lazımdır ki, ölkəmizdə tibbi tullantıların idarə olunması həmin bu qaydalarla tənzimlənir və bu tələblərə görə tullantıların idarə edilməsi iki əsas mərhələyə bölünə bilər. Müəssisədaxili və müəssisədənkənar mərhələ, birinciyə tullantıların toplanması və çeşidlənməsi, ikinciyə isə daşınma və utilizasiya daxildir. Tullantıların daşınması və utilizasiyası fərqli məsrəf tələb edir. Məsrəf çox olmasın deyə tullantılar ümumi olaraq deyil, çeşidlənmiş şəkildə utilizasiya olunur".
Nazir müavini qeyd edib ki, tibbi tullantıların daşınması ilə yalnız müvafiq lisenziyası olan şirkətlər məşğul ola bilər: “Bunun üçün ayrılan nəqliyyat vasitələri başqa məqsədlər üçün istifadə edilməməlidir”.