Boşanmaların əsas səbəbi işsizlik və narkomaniyadır -Açıqlama

Sosioloji mənbələrə görə, boşananlar arasında valideyn razılığı olmadan, özbaşına ailə quranlar çoxluq təşkil edir

“Məhkəmə praktikası göstərir ki, boşanmaya meyilli qadınlardır. Belə ki, boşanmaq üçün müraciət edənlərin hər beş nəfərdən dördü məhz qadınlardır”


  Azərbaycan ailələrinin ən  böyük problemlərindən biri onların  tez dağılmasıdır.
Boşanmaların sayının artması artıq ölkə ictimaiyyətində ciddi narahatlıq yaradıb.  
Milli Məclisin ötən iclasında da  deputatlar növbəti dəfə  boşanmaların sayının artdığına diqqət çəkib və qeyd ediblər ki, bunun səbəbləri araşdırılmalıdır. 
  Xatırladaq ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-oktyabr ayları ərzində 44 643 nikah və 17 988 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.
  Görəsən, hazırkı mərhələdə boşanmaların sayının azalmasına və ailə institutunun bərpasına nail olmaq mümkündürmü?
  Hüquqşünas, mediator Fərhad Mehdiyev isə hesab edir ki, boşanmalarda aliment və atanın uşaqlarla ünsiyyət hüququna dair məhkəmə praktikası dəyişilməsə, boşanmaların sayı artacaq, evlənənlərin sayı isə azalacaq. Boşanmalar zamanı hər şeyin əsasən ananın istəyinə bağlı olduğunu vurğulayan moderator cəbhəinfo-ya açıqlamasında bunu doğru hesab etmədiyini deyib: "Ataya görüş hüququ məhkəmədə az verilir, həftədə 1 dəfə, 2-4 saat arası olmaq üzrə, həm də azyaşlı uşaq olduqda bu görüş mütləq ananın iştirakı ilə verilir. 2-3 yaşına qədər uşağın ananın yanında atası ilə görüşməsi ağlabatandır, amma uşağa atanın yanında real olaraq baxacaq biri varsa, buna ehtiyac yoxdur.
Məsələn, evli olarkən ana işlədiyi üçün uşağa qayınana baxır, boşandıqdan sonra isə ana deyir ki, uşağa məndən başqa heç kim baxa bilməz. 
  Bundan əlavə, boşanma prosesindən sonra bəzi analar uşağını doldurmağa başlayır, bununla da uşaq deyir ki, atamı görmək istəmirəm, halbuki belə hal uşağın psixikasına travma vurur.  Bütün bunlara görə insanlar hazırda evliliyə isti yanaşmırlar, uşaq sayının çox olmasını istəmirlər. Bu tip hallar zəncirvari olaraq yayılır".
  F.Mehdiyev aliment məsələsinə də toxunub və qeyd edib ki, adətən kasıb ailələrdə alimentin ödənilməsində problem yaranır: “Ölkədə kifayət qədər işsiz var. Həmin işsiz, kasıb təbəqədən biri boşananda 2-3 uşağa kəsilən alimenti ödəməyə onun gücü çatmır. Məhkəmələr də insanların əmək qabiliyyətinə baxmadan məhkəmələr hamı üçün eyni məbləği təyin edir.  Son artıma qədər 3 uşağa kəsilən aliment miqdarı 500 manat idi. Bir insan 800 manat aylıq əməkhaqqı alırsa və həmin adam kirayədə yaşayırsa, o şəxsin həmin alimenti ödəməyə maddi imkanı uyğun olmaya bilər. Avropa praktikasına baxsaq, əgər hər hansı bir şəxsin alimenti ödədikdən sonra gəliri aşağı düşürsə, həmin alimentin bir hissəsi dövlət ödəyir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində göstərilir ki, uşağı saxlamaq həm atanın, həm də ananın vəzifəsidir. Ona görə də aliment yalnız ata üçün olmamalıdır. Yaxşı olardı ki, aliment məbləği ana işlədiyi halda ata ilə ana arasında bölüşdürülsün. Bu tip dəyişikliklər etməyin nəticəsində boşanmaların da sayı azala bilər”. 

  Hüquqşünas Vüqar Dadaşov isə “Sherg.az”a açıqlamasında boşanmaların səbəbinin  müxtəlif olduğunu deyib. Onun sözlərinə görə, ailələrin dağılmasının əsas səbəbi heç də maddi-sosial vəziyyət deyil. Məhkəmə qaydasında boşanmalar, nikahın pozulması prosesi əsasən qarşılıqlı ittihamlı boşanmalardır:

 “Boşanmaların əsas səbəbi işsizlik, narkomaniya kimi amillərdir. Erkən və qeyri-rəsmi nikahlar, uşaqların qüsurla doğulması və ya uşağın olmaması ailələrdə boşanmalara səbəb olur.
  Xüsusilə qeyd edim ki, sosioloji mənbələrə görə, boşananlar içərisində valideyn razılığı olmadan, özbaşına (sevgi ilə) ailə quranlar çoxluq təşkil edir. Məhkəmə praktikası göstərir ki,  boşanmaya meyilli qadınlardır. Belə ki, boşanmaq üçün müraciət edənlərin hər beş nəfərdən dördü məhz qadınlardır. 
  Əlbəttə ki, bu, məsələnin psixoloji tərəfidir. Bu istəyin yaranma səbəbləri müxtəlif olsa da, qeyd etmək lazımdır ki, cəmiyyətimizdə qadınlara və uşaqlara xüsusi yanaşma, dövlətin əhalinin bu kateqoriyasına diqqətin və qayğısının fonunda baş verməsi ailədə, xüsusən də, qadınlarda müəyyən fikrin və həyata baxışın formalaşmasından irəli gəlməsidir. 
  Mülki qanunvericiliyin, o cümlədən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin normalarının adət-ənənələrimizə və mentalitetimizə uyğun tətbiq edilməsi qadınlarda özlərinə inam yaratmaqla ailə, məişət qayğılarından uzaqlaşmağa və fərdi azadlıqlara meyilliliyə səbəb olub. Məhkəmələrdə boşanmalar zamanı birgə nikah dövründə doğulmuş uşaqların analarda qalmasına, mənzil təminatına, uşaqların saxlanılması üçün atadan ananın xeyrinə alimentin tutulması de-fakto qadınlara boşanmadan əvvəl məlum “qələbə”dir. Bu səbəbdən də qadınlar ailədə adi və mənasız səbəblərdən güzəştə getməyərək həvəslə məhkəmələrə müraciət edirlər. Bununla bir növ evdəki “hakimiyyət”ini göstərməyə çalışaraq qarşı tərəfi cəzalandırmaq istəyir”. 

  Hüquqşünasın sözlərinə görə, ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinə uyğun olaraq nikahın məhkəmə qaydasında pozulması proseduru təkmilləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanında nikaha xitam verilməsi rəsmi qaydada rədd edildikdən sonra tərəflər məhkəməyə müraciət etməlidirlər: 
“Bu halda məhkəmə nikahın pozulmasına dair iddia tələblərini yalnız və yalnız müvafiq icra hakimiyyəti orqanından rəsmi qaydada nikaha xitam verilməsinin rədd edilməsini təsdiq edən sənəd təqdim edildikdən sonra icraata qəbul etməlidir. Nikaha xitam verilməsi üçün müvafiq icra hakimiyyətinə müraciət edən ər və arvadın müraciətinə baxılma qaydaları və müddəti Nazirlər Kabineti tərəfindən müəyyən edilməlidir.
  Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, “Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər”. Göründüyü kimi, bu norma məhkəmə üçün mütləq deyil, yəni ər və arvadın barışmasına 3 ay müddət müəyyən etmək və ya etməmək məhkəmənin hüququdur. Eyni zamanda ər və arvadın barışmasına verilən müddətin məcburi olması və bu müddətin 6 aydan bir ilə kimi uzadılması ailələrin bərpasına kömək etmiş olar.
  Ər və arvadın istəyindən asılı olmayaraq ailələrin bərpasına, ər və arvadın barışmasına müddətin verilməsi mütləq şəkildə olmalıdır. Eyni zamanda nikahın pozulması tələbi uşağın doğulmasından 3 yaşına qədər müddətə həm ər üçün, həm də arvad üçün məhdudlaşdırılmalıdır. Bir sözlə, odur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci, 19-cu, 20-ci, 21-ci maddəsinə yuxarıda qeyd olunmuş dəyişikliklər edilməlidir. Ümumiyyətlə, Ailə Məcəlləsinin 2-ci bölməsinin 4-cü fəsli həm sosioloqlar, hüquqşünaslar, həm də ziyalılarımız tərəfindən geniş müzakirə edilməli, təklif və məsləhətlər nəzərə alınaraq Ailə Məcəlləsində müvafiq dəyişikliklər edilməlidir”.

  V.Dadaşovun sözlərinə görə,  ailə münaqişələrinin qarşısının alınması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 38-ci maddəsinə müvafiq olaraq ərlə arvad arasında nikah bağlanarkən paralel olaraq “nikah müqavilələri bağlanmalıdır. Hüquqşünas hesab edir ki, nikah müqavilələrində ər və arvadın vəzifə və öhdəlikləri, boşanma zamanı birgə nikahdan doğulan uşağın valideynlərdən kiminlə qalması, aliment məsələsi, əmlak bölgüsünün detalları, boşanmadan sonra ər və arvadın yaşayış yerinin müəyyən edilməsinin göstərilməsi adi səbəblərdən boşanmaların qarşısını almaqla, tərəflərin bir-birinə qarşılıqlı münasibətin qorunmasına şərait yaradaraq və “qələbəyə” yüklənmiş boşanma meylini azaldacaq. Eyni zamanda ailələrin dağılmasının qarşısını almağa effektli bir hüquq norması kimi uşaqların bütöv ailədə tərbiyə almasına imkanı artırmış olacaqdır: 
“Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalacağını müəyyən etməlidir: “On yaşına çatmış uşaqların valideynlərdən hansının yanında qalması məsələsi məhkəmə tərəfindən uşağın mənafeyindən çıxış edilərək və uşağın fikri mütləq nəzərə alınaraq həll olunduğu halda 14 yaşına çatmamış uşaqların məhkəmə tərəfindən analarının yanında saxlanılması məhkəmə təcrübəsinə çevrilib. Üstəlik, uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı Azərbaycan Respublikasında yaşayış minimumuna uyğun deyil, məhz Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən müəyyən edilməlidir”.