Vahid Məhərrəmov: Ətin qiyməti yüksələcək və tələbatımızı ödəyə bilməyəcəyik

2023-cü il xırdabuynuzlu heyvanların statistikası açıqlanıb. 2022-ci ilin noyabr ayında ölkədə 7 milyon 928,4 min baş xırdabuynuzlu heyvan olubsa, 2023-cü ilin noyabr ayında bu rəqəm 7 milyon 223,2 minə düşüb. Təkcə qoyunlar deyil, iribuynuzlu heyvanların da sayında azalma var.                                                                                                               
Sual yaranır. Azərbaycanda heyvanların sayı niyə azalıb? Bu istiqamətdə hansi tedbirler görülmelidir?

Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, qış mövsümündə ota olan ehtiyyacımız 10 milyon ton olduğu halda 4.7 milyon ton ot istehsal edirik:
"Heyvanların baş sayının artmasının əsas səbəbi örüş sahələrinin get-gede azalması,məhsuldarlığın aşağı enməsi, ölkədə kifayyət qədər yem istehsalı edə bilməməsidir. Qüvvəli yem istehsalı iki milyon ton nəzərdə tutulub. Biz isə cəmi 190 min ton istehsal edə bilirik. Yəni, bu nəticə on dəfəndən də azdır. Ümumiyyətlə,ölkədə şirəli və senaj yem hazırlanmasa da, nisbətən az həcimdə silos yem istehsal olunur. Bu  mənzərə də ondan xəbər verir ki, Azərbaycanda heyvandarlığın inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyi heç bir tədbir görmür. Bu səbəbdən də kəndlilər heyvanlarını saxlaya bilmirlər. Çünki yetərincə otlaq sahəsi və yem yoxdur. Hətta, kəndlilər heyvanlarını satıb, kütləvi şəkildə şəhərə üz tuturlar. Buna görə də yemçiliyi inkişaf etdirmək lazımdır. Mövcud olan mal- qaranın sayına uyğun olaraq norma mövcuddur. Elə tədbirlər planı hazırlanmalıdır ki,  fermerlər və kəndlilər heyvanları saxlamaqda maraqlı olsunlar".

Ekspert vurğulayıb ki, bu il ölkəyə 11 ay ərzində 104 milyon dollar dəyərində heyvan idxal olunub:
"Bunun 200 mini Gürcüstandan gətirilib. Yəni, Gürcüstanda heyvandarlığın inkişafı üçün imkan yaradılıb, ancaq bizim dövlətdə isə əksinədir. Bu o deməkdir ki,heyvanların sayı yüksək şəkildə aşağı düşərsə, idxaldan aslılığımız artacaq. Nəticədə Azərbaycanda ətin qiyməti yüksələcək və tələbatımızı ödəyə bilməyəcəyik".