Fövqəladə Hallar Nazirliyi qanunsuz tikintilərlə bağlı vətəndaşlara müraciət edib.
FHN-dən verilən xəbərə görə, müraciətdə deyilir:
"Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bu çərçivədə təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara, həyata keçirilən kütləvi maarifləndirmə tədbirlərinə baxmayaraq, yenə də özbaşına aparılan tikinti-quraşdırma işlərinə dair faktlara rast gəlinir. Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara müraciət edərək, tikinti fəaliyyəti zamanı əhalinin təhlükəsizliyinin və sağlamlığının təmin edilməsi məqsədilə qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməyə və pozuntulara yol verməməyə çağırır, belə faktlar aşkar olunduqda Nazirliyin “112” qaynar telefon xəttinə məlumat verilməsini tövsiyə edir".
Məsələyə münasibət bildirən əmlak eksperti Elnur Fərzəliyev "Sherg.az"a bildirib ki, Bakı və Abşeron ərazisində yüz minlərlə çıxarış almayan fərdi həyət evi mövcuddur:
"Bəzi rəqəmlərə görə isə bu təxminən 500 min civarındadır. Fərdi həyət evlərinə çıxarış verilməməsinin əsas səbəbləri həmin torpaqların digər tərəfinin təyinatlı əmlak olması, normativ qanuna uyğun aparılmaması və ya qadağan olunmuş ərazilərdə tikintinin aparılmasıdır. Bu səbəbdən uzun illərdir ki,bu evlərə sənəd verilmir. Digər tərəfdən həmin tikililər təlükəli ərazidə sayılır. Yəni, yüksək elektrik cərəyanlarınına altında, qaz və su xətlərinin yaxınlığında yerləşir. Regionda ən çox vulkanik zəlzələ baş verən bölgə Aşerondur ki, bu vulkanik dağın ətrafı çoxlu evlərlə əhatələnib. Bu da qanunla yolverilməzdir. Bəzi hallarda vətəndaşlar torpağların təyinatlılığı ilə bağlı məlumatlı olmasalar da, gözlə görünə biləcək qədər yerdə tikintinin aparılmasını qanuna zidd olduğunu anlamalıdırlar. Belə ki, 2023-cü ilin oktyabrın 1-dən etibarən çıxarışı olmayan sahələr üzərində tikiləcək daşınmaz əmlaklara kommunikasiya xətlərinin çəkilməməsi ilə bağlı qərar verildi. Adiyatı qurumlar bu istiqamətdə hərəkətə keçiblər ki, bu cür tikililərin sayı artmasın. Çünki belə olduğu halda vətəndaşlar evlərini sənədləşdirə bilmirlər, nəticədə böyük narazı kütlə formalaşır".