Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Azərbaycan Milli Konservatoriyasının önündəki ödənişli parkinqdən şikayətlənib.
İfaçı bununla bağlı öz instaqram hesabında paylaşım edib.
“Biz burada maşınlarımızı pulsuz saxlayırdıq. Lakin bir neçə gün öncə parklanmanı ödənişli etdilər”.
Sənətçi qeyd edib ki, belə qərarlar verəndə tələbələri də nəzərə almaq lazımdır:
“Burada tələbələr təhsil alır, biri qazanır, biri yox. 6-7 saat dərsdə oluruq. Məşqlərimiz olur, imtahana hazırlaşırıq. Hamı o pulu ödəyə bilmir. Bir saat üçün ödəmək olar, amma 8-9 saat burada dərsdə olan tələbələr var. Çox xahiş edirəm ki, bu məsələni kökündən həll edəsiniz”.
Son zamanlar vətəndaşlar tərəfindən ödənişli parkinqdən xeyli şikayyət var. Bu problemləri necə aradan qaldırmaq olar? Parklanma necə tənzimlənməlidir?
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az"a bildirib ki, ödənişlər sadələşdirilməlidir:
"Təkcə tələbələr və təqaüdçülər deyil, bütün vətəndaşların ödəmədən rahat istifadəsi təmin olunmalıdır. Parklanmanın qiymətləri də yüksəkdir. Universitetlərin, orta məktəblərin yaxınlığında müəllim heyyəti , tələbələr, valideynlər üçün pulsuz maşın saxlama yeri təşkil olunmalıdır. Nəzərə alsaq ki, ali və orta məktəblərin əksəriyyəti şəhərin mərkəzində yerləşir, bu situasiyada parklanma yerləri azdır. Sözügedən istiqamətdə kompleks işlərin görülməsinə ehtiyac var. Əhalinin azgəlirli şəxsləri üçün yeni ödəniş meyarları təyin olunmalıdır".