Sosioloq: Kasıb oğlan eşqini müqəddəsləşdirirlər

Bir-birinə qoşulub qaçan və toyları sosial şəbəkələrdə müzakirələrə səbəb olan Ruslan və Yeganə cütlüyü Baku TV-yə danışıblar.
Fiziki məhdudiyyəti olan 32 yaşlı Ruslan hazırda 16 yaşlı Yeganə ilə nikahsız yaşayır. Ruslanın sözlərinə görə, Yeganənin ailəsi fiziki məhdudiyyəti olduğu üçün onların ailə qurmasına razı deyildilər.                                                                
“Mənə uşaqlıqdan deyirdilər ki, ancaq özün kimi biri ilə evlənməlisən. Sağlam qıza sevgi etirafı edə bilmirdim ki, məni qəbul etməz. Nə evim, nə maşınım, nə də işim var. Yeganə sevgimə görə mənimlə gəlib”, - deyə o söyləyib.                         
Tanışlıq hekayələrindən bəhs edən Yeganə isə bildirib ki, Ruslanda əsas bəyəndiyi xüsusiyyət onun dürüstlüyüdür:                                                                                “Mənə yalan danışmamağı, dəyər verməyi xoşuma gəldi. Ruslan dedi ki, məhdudiyyətim var, məni istəməzsən. Dedim ki, məhdudiyyət insanın əqlində olur”.  
Hazırda kirayədə qalan cütlük şəraitsiz vəziyyətdə yaşayırlar və köməyə ehtiyacları olduğunu bildiriblər.
Bəs, evlilik yaşına çatmayan bir qızın qoşulub qaçaraq ailə qurması nə dərəcədə düzgündür?

Məsələyə münasibət bildirən sosioloq Lalə Mehralı "Sherg.az"a bildirib ki, burada kasıb oğlan eşqini bir növ müqəddəsləşdirirlər:

"Bu qız ailə qurarkən qanunla müəyyən olunmuş yetkinlik yaşına çatmayıb. Üstəlik özündən iki qat böyük olan şəxslə evlənib. Bunu "saf sevgi" timsalında qələmə verməyin səbəbi odur ki, qarşı tərəf fiziki məhdudiyyətli biridir. Əgər qız yeniyetməlik dövründə olsa idi oğlanın yaşı bu qədər qabardılmazdı. Burada söhbət istismardan gedir. Xüsusi ilə maddi imkanın zəif olmasını, əngəlsiz sevginin bəhanələrin altında gizlətməyə çalışırlar. Ancaq qarşı tərəf imkanlı olsa, burada əsas problem müstəqil yaş dövrünə çatmayan birinin qaçaraq ailə qurması olardı".