Azərbaycanda taksi qiymətlərinə xidmət haqqı əlavə edilib.
Oxu.Az xəbər verir ki, bəzi taksi şirkətlərində gediş qiymətinə 10 qəpik servis haqqı əlavə edilib. Bunun taksi xidmətini inkişaf etdirmək üçün istifadəçilərdən alınan ödəniş olduğu qeyd edilib.
Azərbaycanda bəzi taksi şirkətlərində gediş qiymətinə 10 qəpik servis haqqı əlavə edilməsi müzakirələrə səbəb olub. Maraqlıdır, məbləğ böyük olmasa belə taksi şirkətlərinin bu addımı atmaqda məqsədləri nədir?
Məsələyə münasibət bildirən nəqliyyat eksperti İlqar Hüseynli "Sherg.az"a bildirib ki, servis haqqı 10 qəpik deyil, 10 faiz təşkil edir:
"Taksi şirkəti xidmət yerinə yetirirsə, fəaliyyətin keyfiyyətini yaxşılaşdırmaq birbaşa onun öhdəlikləri sırasındadır.Bunun üçün 10 faiz servis haqqını əlavə etməyə ehtiyac yoxdur. Hansısa bir şirkət daxili xidmət haqqını qaldırmaq üçün müəyyən qərarlar qəbul edə bilər. Ancaq cəmiyyətə bunu normal şəkildə təqdim etmək lazımdır. Müştərilər gediş haqqını onsuz da artıqlaması ilə ödəyirlər. Məsələn, 5 manat 50 qəpik qeyd olunduqda 6 manat verirlər. Rəhbər taksi şirkətinə yeni, kamfortlu avtomobillər cəlb etsə, kondisioner sistemi işlək vəziyyətdə olsa, müasir tələblərə cavab verilsə, bu zaman müəyyən məbləğdə qiyməti qaldırmaq hüququna malikdir. Bir sözlə, 10 faiz artım etməklə vətəndaşlara bunu xidməti yaxşılaşdırmaq kimi qələmə vermək normal görünmür. Bu stiuasiya taksi şirkəti üçün xoş görünməyən bir davranışdır"