Sosioloq: Ölkəmizdə 4 günlük iş rejiminə keçidin zamanı deyil

Dominikan Respublikası dörd günlük iş rejiminə keçməyə hazırlaşır.
Artıq Dominikan Respublikasının Əmək Nazirliyi vətəndaşların iş vaxtını həftədə 44 saatdan 36 saata endirməyi hədəfləyən pilot layihəni işə salıb. Proqram altı ay müddətində sınaqdan keçiriləcək. Bu müddət ərzində pilot layihəyə könüllü olaraq qoşulan şirkətlər iş vaxtının azaldılmasının əmək məhsuldarlığına təsirini qiymətləndirəcəklər.                                                                                                                  
Qeyd edək ki, son illərdə dünyanın bir sıra ölkələrində dörd günlük iş həftəsinə keçidlə bağlı qərarlar verilib. Bu sırada Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Belçika, İngiltərə, Uels kimi ölkələrin adını qeyd edə bilərik.
Sual ortaya çıxır. Bəs, Azərbaycanda 4 günlük iş həftəsinə keçməyə ehtiyac var?   

Məsələ ilə bağlı danışan sosioloq Üzeyir Şəfiyev “Sherg.az”a bildirib ki, hər bir ölkənin iş rejimləri fərqli formadadır:
"Bu da həmin dövlətin əmək bazarı və ehtiyyatlarının vəziyyətinə uyğun tətbiq olunur. Elə istehsalat, xidmət sahələri var ki, burada 4 günlük iş rejiminə keçmək əlverişli deyil. Başqa ölkələrdə olduğu kimi, bizdə də tətbiq olunsun fikirinə qapılmaq  yanlışdır. Bunun üçün ciddi ekonomik hesablamalar gərəklidir. Yalnız  bu zaman deyə bilərik ki, sistemin tətbiqi uğurlu olacaq, ya yox. Eyni zamanda istehsalat və xidmət sektorunun qiymətləndirilməsi aparılmalıdır. Əslində, bu modelin təşkili strateji, iqtisadi hədəfləri, qarşıda duran vəzifələrlə bağlıdır. Hesab edirəm ki, Azərbaycanda müstəqillik qazandıqdan sonra qarşımızda duran xeyli hədəflər mövcuddur. "Böyük qayıdış"- la bağlı planlar var. Ona görə də ölkəmizdə 4 günlük iş rejiminə keçid zamanı deyil. Çalışmalıyıq ki, əmək bazarında kölgə iqtisadiyyatına son qoyulsun, işçilərin müqaviləsiz fəaliyyət göstərməsi aradan qaldırılmalıdır. Çünki onların qanunları pozulur. İşçilərin iş vaxtından çox işləməsi dayandırılmalıdır. Həmçinin bununla bağlı müvafiq monitorinqlər keçirilməlidir".