Saxta spirtli içkiləri necə ayırd edək? -AİB sədrindən tövsiyə

Sumqayıtda 67 yaşlı kişinin spirtli içkidən zəhərlənərək öldüyü bildirilib. Söhbət Corat qəsəbə sakini, 1957-ci il təvəllüdlü Adil Əliyevdən gedir. Məlumata görə o, ötən axşam komaya düşüb və xəstəxanaya yerləşdirilib. Elə tibb müəssisəsində də ölüb. Məsələni dəqiqləşdirmək üçün TƏBİB-lə əlaqə saxlanılıb.                  
TƏBİB-dən cavab olaraq bildirilib ki, 1957-ci il təvəllüdlü (kişi cinsli) şəxs 04.02.2024-cü il tarixində saat 19 radələrində ağır vəziyyətdə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.                                    
O, alkoqol zəhərlənməsi diaqnozu ilə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq, saat 19:40-da dünyasını dəyişib. Məlumatda bildirilib ki, şəxsin qəbul etdiyi içki saxta olub və elə bu səbəbdən də komaya düşüb.                                                                             
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Sual yaranır. Spirtli içkilərin satışına niyə nəzarət gücləndirilmir?                             

Məsələ ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Sherg.az”a bildirib ki, bazarın içki seqmentindəki vəziyyəti dörd il bundan öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayyətkarlıqla Mübarizə İdarəsi araşdırıb:
"Məlum oldu ki, ən prestijli, bahalı restoranlarda saxta içkilər brend adı altında vətəndaşlara təqdim edilir. Çox təəssüf ki, sonradan bu istiqamətdə tədbirlər davam etdirilmədi. Təbii ki, bölgədə normal spirtli içki istehsal edən zavodlar da mövcuddur. Onlar isə bu cür məhsulların bazarlarda təmizlənməsi istiqamətində heç bir bir addım atmırlar. Həmçinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti də bu yöndə tədbir görmür. Belə bir vəziyyətdə istehlakçılar əziyyət çəkir və zəhərlənmələrin qurbanına çevrilirlər. Əhali arasında belə bir fikir formalaşdırılıb ki, içkinin yaşı nə qədər çoxdursa, bir o qədər təsirlidir. Bu çox yanlış düşüncədir. Bir neçə il öncə Fransanın cənubunda yerləşən içki zavodunu ziyarət etdik. Burada içkilər hündürlüyü 2 metr olan palıd çəlləklərdə saxlanılırdı. Bildirdilər ki, yüksək səslən danışmayın ki, içki oyanmasın".

E.Hüseynov vurğulayıb ki, satışda saxlanılma müddəti şərablarda 6 ay, araqlarda1 il, konyaklarda isə 3 ildən çox olmamalıdır:
"Vaxtı keçmiş içkilərdən vətəndaşlar zəhərlənirlər. Bu vəziyyət ev şəraitində düzəldilmiş samaqonlardan daha çox yaranır. Onların tərkibində siquş yağı mövcuddur ki, bu da insanları kor edə bilər. Əfsuslar olsun ki, ölkədə zəhərlənənlərin qeydiyyatı düzgün aparılmır. Bu məsələ 3 gün öncə parlamentdə müzakirə edildi. Azərbaycanda zəhərlənmələrin sayı ümumdünya göstəricisindən 700 dəfə az qeyd olunur. Rəqəmlərdə edilən düzəliş kimə sərf etdiyi isə çox maraqlı bir nüansdır. Bu məhsulu alarkən istifadə müddətinə, aksiz markasına baxmaq lazımdır. Aksiz markanının gümüşü zolaq hissəsində Azərbaycanın gerbi var. Bununla saxta olub-olmamağı ayır edilə bilər".