Artım əhaliyə kifayət edəcək? -AÇIQLAMA

Prezident İlham Əliyevin imzaladığı yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların artırılması istiqamətində ardıcıl şəkildə atılan addımların növbəti davamıdır. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi məlumat yayıb.                                                                                    
Sərəncamla 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.                                            
Həmçinin, qulluq stajına görə əlavələr təyin edilmiş pensiyaların həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğlərinin və 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilən maddi yardımların da qeyd olunan qədər indeksləşdirilməklə bu ilin əvvəlindən artırılması təmin edilir.                                      
Bildirilib ki, artımlar elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac yoxdur.                                                                                                                      
Qeyd olunub ki, yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək. Məlumata əsasən, ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək.

Məsələ ilə bağlı iqtisadçı -ekspert Eyyub Kərimli “Sherg.az”a bildirib ki, artımbir milyona yaxın təqaüdçüyə şamil olunacaq :

"Bu da müəyyən qədər həmin şəxslərin həyat güzəranının yaxşılaşmasına və məvaciblərinin yüksəlməsinə səbəb olacaq. Məsələn, şəxsin pensiyası 500 manatdırsa, bu məbləğ cari il yanvarın 1-dən 11,2 faiz, yəni 56 manat artırılmaqla 556 manata çatdırılacaq.Nəzərə alsaq ki, ötən il inflyasiya 11-12 faiz olub. Bu il isə inflyasiyanın daha aşağı olacağı nəzərdə tutulur. Düşünürəm ki, vətəndaşların rifahının dayanıqlılığını təmin etmək üçün bu artımın təsirləri olacaq. Əgər, proqnozlaşdırılan inflyasiya həddinə toxunulmayacaqsa, təqdirəlayiq addım hesab etmək mümkündür ".