Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Sənan Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib. İttihama görə, hadisə 25 noyabr 2023-cü il tarixdə, saat 11:20-də Abşeron rayonu, Xırdalan şəhəri ərazisində qeydə alınıb. Belə ki, Sənan Həsənov yaşadıqları evdə arvadı, zərərçəkmiş Günay Həsənovaya (şərti) xəstələnmiş azyaşlı övladlarına doşab məhsulu vermədiyinə görə irad bildirib. Bununla bağlı ailə daxili münasibətlər zəminində onların arasında mübahisə yaranıb. Bu zaman o, qadının üzərinə hücum edib qəsdən arvadının qolundan dişləyib, əli ilə onun saçından tutub dartaraq yerə yıxıb. Daha sonra Sənan yumruq və təpik zərbələri ilə Günayın sifət, baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirərək ona xəsarətlər yetirib.
Hadisədən sonra qadın Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib və Sənan Həsənov cinayət məsuliyyətinə cəlb edilib.
Hadisəyə münasibət bildirən psixoloq-konsultant Zeynəb Əyyubova “Sherg.az”a bildirib ki, kişi arvadını dişləyərək şiddət tətbiq edirsə, bu hansısa psixoloji problemin nümunəsidir:
"Yəni, həmin şəxs qəzəbinə nəzarət edə bilmir. Uşaq tərbiyyəsində ən uğurlu metod atanın qadağan etdiyi bir şeyə, ananın da yox deməsidir. Əksinə olduqda uşaq bundan istifadə edəcək. Günümüzdəki qurulan ailələrin ən böyük problemi şiddətli davaların uşaqların gözü qarşısında olması və valideynlər arasında münasibətdə gərginliyin hökm sürdüyünü onların bilmələridir. Bu zaman həmin uşaqlarda davranış pozuntusu, yüngül həyata meyl etmə, gələcəkdə evlilik qorxusu yaranır. Ona görə də övladlarınızı normal böyütmək istəyirsinizsə, bir müddətdən sonra həyatınızda önəmi olmayan adi mövzulara görə, uşağın yanında ciddi davalar etməməlisiniz. Yəni ananı, atanı gözdən salmamaq lazımdır".