Son zamanlar sosial şəbəkələrdə milli rəqsimizi oğlanların qız, qızların isə oğlan kimi ifa etdiyi videolar paylaşılır. Görüntülər ictimaiyyət arasında birmənalı qarşılanmır.
Əksəriyyətini isə belə bir sual düşündürür. Səbəb nədir? Ümumiyyətlə, indiki dövrdə gənclər arasında milli rəqslərimizi doğru təbliğ edirik?
Məsələni dəyərləndirən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Sherg.az”a bildirib ki, müasir dövrdə yeni nəsilin gətirdiyi bir çox trendlər həm sosial şəbəkələrdə, həm də real həyatda geniş kütlələrə təsir edir:
"Hər dəfə olduğu kimi nəsillər arası insanların dünyagörüşü, həyat tərzi, estetik davranış və dəyərlərinin toqquşması baş verir. Azərbaycanın 80 faizinin istifadə etdiyi "tiktok" platformasında xalqımıza xas və aid olmayan estetik dəyərləri özündə əks edən rəqs nümunələrini izləyirik. Bəziləri buna etiraz edir, digərləri isə bəyənir. Ancaq çoxsaylı baxış sayı bir daha sübut edir ki, gənclərin gətirdiyi yeni rəqslər böyük kütlə tərəfindən sevilir. Ümumiyyətlə, cəmiyyətin zövqünü formalaşdırmaq sənətdə tanınmış simaların bir nömrəli işidir. Lakin son vaxtlar məşhurlar özlərini real həyatda həbs edir. Ona görə də bu misiya gənclərin, tiktokerlərin öhdəsinə düşür. Onlar isə milli dəyərləri, incəsənətin standartlarını, estetik kulturoloji prioritet texnologiyalarını bilmədiklərinə görə, və yaxud özlərini realizə etmək üçün müxtəlif xalqlardan, həmyaşıdlarından götürdükləri formaları milli internet resurslarına gətirərək insanlara təsir edirlər. Məsələn, farsdilli xalqlara aid olan qadın kimi oynamaq, ərəblərin göbəy rəqsi Azərbaycanda da dəbə düşüb. Düşünürəm ki, milli rəqslərimizi, incəsənət nümunələrini trendləşdirmək lazımdır. İstər-istəməz bu yeniliklər geniş formada istifadə olunacaq".
Ekspert vurğulayıb ki, bu vəziyyətin qarşısı almaq mümkün deyil:
"Çünki keçmişdə qadın və kişilərin rəqsi ayrı təşkil olunurdu. Sovet dövründə isə bu rəqslər eyniləşdirilib, ansambl yaradıldı. Lakin qadın və kişiyə aid olan rəqs formaları mövcud idi. İndi isə bele deyil. Qızların oğlan kimi oğlanların da qız kimi rəqs etməsi bir növ dəbə çevrilib. Bunun qarşısını almaq mümkün deyil. Yalnız, Azərbaycan rəqslərinin sosyal şəbəkələrdə təbliğ etmək və Mədəniyyət Nazirliyinin yanında xüsusi qrupları, dövlət ansambllarını məcbur etməklə nəyəsə nail olmaq olar".