Nigeriyanın dövlət radiosu “Sobi 101.9 FM İlorin” Ermənistanın qanunsuz dağ-mədən sənayesinin ekoloji fəsadlarının dünya üçün təhlükə törətməsinə dair material yayıb.
APA xəbər verir ki, radionun redaktoru və aparıcısı Dare Akogun “22 ölkədən olan QHT-lər Cənubi Qafqaz regionu üçün ekoloji ədalətlə bağlı çıxış edirlər” adlı materialında Ermənistanı qanunsuz dağ-mədən işlərini dayandırmağa çağırıb.
“Sobi 101.9 FM İlorin” Nigeriyada xüsusilə gənclər arasında məşhurdur, bir neçə dəfə ilin ən yaxşı radiosu elan olunub, ingilis və yerli dillərdə yayımlanır.
Xatırladaq ki, bu yaxınlarda 22 ölkədən 49 QHT və ekofəal Ermənistanın dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin dünyanın ekosistemini pozmasına dair bəyanat yayıb. Bəyanatda deyilir ki, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Xarici QHT-lər Amuldağ mədənində işlərin dərhal dayandırılması ilə bağlı Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti təşkilatlarının müraciətinə həmrəy olduqlarını bəyan ediblər. Bəyanatda Ermənistan hökuməti və Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin məxsus olduğu özəl şirkətlər həmin müəssisələrdə təftiş, qiymətləndirmə və monitorinq işləri aparmaq üçün ekologiya və sağlamlıq sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərə, o cümlədən qonşu ölkələrdən olan ixtisaslaşmış QHT-lərə şərait yaratmağa çağırılıb. Xarici QHT-lər Ermənistandan ekoloji öhdəliklərini yerinə yetirməyi tələb ediblər.
Qeyd edək ki, son vaxtlar Nigeriyanın bir sıra ekoloji, səhiyyə yönümlü QHT-ləri, ekofəalları Azərbaycan xalqına açıq dəstək mesajları verərək, Ermənistanın Cənubi Qafqazın ekologiyasını zəhərləməsinə qarşı çıxırlar.