Dünən axşam saatlarında xəstəxanaya daxil olan DSX əsgəri Pərviz Xəlilzadə tərəfimizdən əməliyyat olunub. Əməliyyat nəticəsində kanal içərisinə siraət edən metal yad cisim müvəffəqiyyətlə xaric edilib.
APA xəbər verir ki, bunun Ermənistanın hərbi təxribatı nəticəsində yaralanan əsgərin vəziyyəti barədə məlumat verən Respublika Neyrocərrahiyə Xəstəxanasının şöbə müdiri Rasim Quliyev bildirib.
Onun sözlərinə görə, xəstə ağır vəziyyətdə daxil olub:
“Əməliyyat 1 saat davam etdi. Hazırda vəziyyəti düzəlməkdədir, vəziyyəti daha yaxşıdır. Müalicə davam etdirilir. Xəstə ilə bağlı proqnozumuz yaxşıdır. Xəstənin bədənindən çıxardığımız yad metal cisim, yəni güllə təqdim etdiyimiz hərbi mütəxəssislərinin ilkin rəyinə görə, xarici ölkələrdə istehsal olunmuş snayper gülləsidir”.
Şöbə müdiri qeyd edib ki, xəstənin müayinəsi zamanı güllənin boyunun sol ön yan səthindən məməyəbənzər əzələnin böyründən keçərək bütöv uzun məsafəni qət edib onurğa kanalının içinə daxil olması və orada dayanması müəyyən edilib:
“Əməliyyat zamanı sol arxa, sol yan tərəfdən onurğa kanalının mənfəzinə daxil olunub və güllənin kanal içərisində bir tərəfdən onurğa beyini, bir tərəfdən 3-4-cü boyun sinir kökləri, ən dibdə isə vertebral arteriya, yəni onurğa arteriyası üzərində dayanması aşkar olunub. Əməliyyat zamanı ətraf toxumalara əlavə zədə yetirmədən metal yad cisim tam şəkildə xaric edilib”.