“Xəstəlik öz-özünə keçər kimi düşünürlər”
“Ona görə də zaman-zaman bu cür ailə faciələri yaşanır. Əgər bu uşaq nəzarət altında olsa, dərmanlarını vaxtlı-vaxtında, normal dozada qəbul etsəydi, bu faciə də yaşanmazdı”
5 nəfər ailə üzvünün öldürülməsi ilə nəticələnən qətl hadisəsi günlərdir ölkə gündəmini zəbt edib. Bildirək ki, Bakı şəhər sakini, 25 yaşlı Əhməd Əhmədov bir neçə gün əvvəl atasını, anasını, azyaşlı qardaşını, bacısını və bacısının azyaşlı övladını xüsusi amansızlıqla öldürüb. Hadisədən dərhal sonra qətlin motivi ilə bağlı müxtəlif versiyalar səsləndi. Versiyalardan biri də Əhməd Əhmədovun ruhi xəstə olması ilə bağlı idi. İddia olunur ki, o, idman yarışlarının birində başından zədə alıb və bundan sonra onda psixi pozğunluq yaranıb. Dəhşətli cinayəti də anlaqsız vəziyyətdə törədib. Daha bir iddiaya görə, 15 yaşı olanda da cinayət hadisəsi törədibmiş. Həmin qətldən sonra Ə.Əhmədovun psixi durumunun yerində olmadığına dair "dəlilik kağızı" alınıb. Bir neçə il sonra həmin kağız sağlamlıq arayışı ilə əvəz olunub və ailə üzvlərini qətlə yetirən Əhməd həmin arayış əsasında sürücülük vəsiqəsi alıb. Qeyd edək ki, psixi durumunun yerində olmadığı deyilən bu şəxsin taksi xidməti kimi fəaliyyət göstərməsi iddiaları da geniş müzakirə predmetidir.
Psixoloq Azad İsazadə "Sherg.az"a açıqlamasında deyib ki, faciə baş verən gün məlumat yayıldı ki, qətli törədən şəxs əvvəllər Moskvada hansısa psixiatriya xəstəxanasında müalicə olunub:
"Daimi olaraq da evdə psixotrop dərman maddəsi qəbul edirmiş. Paralel olaraq da xəstəliyinə rəğmən bu gəncin taksi xidməti kimi fəaliyyət göstərdiyi yazılmışdı. Hansı ki bu iki hal bir-birinə ziddir. Çox güman ki, məhkəmə bu cinayət işi ilə bağlı psixiatrik ekspertiza təyin edəcək. Onun müalicə aldığı, yatdığı xəstəxanadan sənədlər tələb olunacaq. Əgər doğrudan da, sözügedən şəxs 10 il əvvəl hansısa ölkədə psixiatriya xəstəxanasında yatıb və ona konkret diaqnoz qoyulubsa, ona sürücülük vəsiqəsinin, sağlamlıq kağızının verilməsi ilə bağlı ayrıca bir araşdırma aparılmalıdır. Necə olub ki, əlində xəstəlik arayışı olan bir şəxs sürücülük vəsiqəsi alıb?".
Psixoloqun sözlərinə görə, cəmiyyətimizdə psixiatr müayinəsi ilə bağlı stiqma var:
"İnsanlar psixoloqun, psixoterapevtin qəbuluna getməyə utanır, xəstəxanada qeydiyyata düşməkdən qorxur. Ona görə də zaman-zaman bu cür ailə faciələri yaşanır. Əgər bu uşaq nəzarət altında olsa, dərmanlarını vaxtlı-vaxtında, normal dozada qəbul etsəydi, bu faciə də yaşanmazdı. Çox təəssüflər olsun ki, ailələr övladlarının psixi davranış pozuntularını ciddi qəbul etmir, öz-özünə keçər kimi düşünürlər. Başa düşməliyik ki, beyində gedən proseslər çox mürəkkəb proseslərdir və onlarla mütləq peşəkarlar məşğul olmalıdır".
A.İsazadənin sözlərinə görə, törədilən qətllər bu gəncin, doğrudan da, ruhi xəstə olduğuna ehtimal yaradır. Öz evlərində valideynlərini öldürdükdən sonra da gedib bacısını və bacısı qızını öldürüb:
"Bu artıq psixi pozuntuların əlamətidir. Bəlkə də o, tam sağlamdır və ailə üzvləri ilə arası pis olduğuna, mülk mübahisələrinə görə onlardan qisas almaq istəyib. Amma normal psixologiyada olan bir insan evə görə bacısını və onun azyaşlı övladını öldürməz axı!? Hesab edirəm ki, bütün bu suallara məhkəmənin təyin etdiyi psixiatrik ekspertizanın nəticəsi cavab verəcək. İstisna etmirəm ki, ona qapalı məhkəmə psixiatriya şöbəsində məcburi müalicə təyin olunacaq". Ə.Əhmədovum psixoloji problemi olmasına baxmayaraq, sürücülük vəsiqəsi alması və avtomobil idarə etməsinə gəldikdə isə A.İsazadə deyib ki, sürücülük vəsiqəsini almaq üçün şəxsdən sağlamlıq haqqında sənəd tələb olunur və bu sənədi verən səhiyyə ocaqları buna görə məsuliyyət daşıyır. Onun xəstəliyi dəqiqləşəcəyi halda müvafiq qurumlar digər iddialarla bağlı da ciddi araşdırma aparmalıdır" .