“Biz uşaqlarımızı məqsədi, məramı bəlli olmayan əyləncələrə aludə etməkdənsə, onlar arasında özümüzün milli, dini bayramlarımızı təbliğ etməliyik”
Türkiyədə özəl məktəblərdə "Hellouin" və Pasxa qeyd edilməsi qadağan edilib. Türkiyə Milli Təhsil Nazirliyi özəl məktəblərdə türk millətinin milli, əxlaqi, mədəni, humantiar dəyərlərə” zidd olan və şagirdlərin psixososial inkişafına töhfə verməyən fəaliyyətlərə qadağa qoyulduğunu açıqlayıb. Özəl təhsil müəssisələri haqqında əsasnaməyə müvafiq dəyişikliklə bağlı qərar “Resmi Gazete”də dərc olunub. Təhsil Nazirliyinin qərarında məktəblərdə Milad, "Hellouin", Pasxa və Sevgililər Günü bayramlarının qeyd edilməsinə qadağa da qeyd olunub.
Qeyd edək ki, əsasən Bakının gecə klublarında təşkil edilən “Cadugərlər” bayramında yeniyetmə və gənclərin iştirakı cəmiyyət tərəfindən olduqca mənfi hal kimi dəyərləndirilir.
Müəllimlər isə bu bayramı canfəşanlıqla təbliğ edir, Qərbin qara işlərinin məktəblərimizə ayaq basmasına şərait yaradırlar. Məktəblilər də müəllimlərinin tapşırığına əsasən bayrama xüsusi həvəslə hazırlaşır, müxtəlif libaslar əldə etmək üçün valideynlərini yola gətirməyə çalışırlar. Seçdikləri geyimlər isə adətən cadugər, pəri, vampir, adamyeyən, başkəsən kimi dəhşətli obrazları xatırladır. İlk baxışdan bu bayram adi bir uşaq əyləncəsi kimi görülə bilər. Uşaqdılar, qoy əylənsinlər, deyib üstündən keçmək də həmçinin. Amma istənilən bir əyləncənin daşıdığı mahiyyət önəmlidir. Xüsusən də, kiçik yaşlı uşaqlar, yeniyetmələr arasında. “Cadılar bayramı”nın tarixçəsinə nəzər salsaq, bu üzdəniraq “bayramın” bizə heç bir aidiyyəti olmadığını görəcəyik.
Əsasən Qərb ölkələrində, xristianlar arasında qeyd edilən "Hellouin" Amerikada olduqca böyük və görkəmli festival halını alıb. Amerikanın təsiri ilə Qərb ölkələrində qeyd edilməkdədir. Türkiyəyə də yayılıb.
Simvolu gülən balqabaqdır. Balqabağın içini oyur, gülən sifət halına gətirirlər, içində isə şam yandırmaqla şeytani bir sifət halına gətirirlər. Uşaqlar qorxunc qiyafələr geyinərək, qapı-qapı gəzir və “Zarafatmı, şəkərmi?” deyə soruşurlar. Ev sahibi zarafat deyirsə, müxtəlif gülməli hərəkətlər çıxarır, çalıb-oynayırlar. Uşaqlara şəkər və ya pul verirlər. Bu, Britaniyada bir zamanlar kasıbların qapı-qapı gəzib, “ruh kökəsi” toplaması adətinə oxşayır. Böyüklər də festivala qatılır və özlərini tanınmaz hala salır, cadugər libasları geyinirlər.
Göründüyü kimi, “Cadılar bayramı”nın Azərbaycanın nə milli, nə də dini adət-ənənəsi ilə bir bağlılığı var. Əksinə, faydasından çox, ziyanı var. Kiçik yaşlı uşaqların cadugər libasları geyinib, qorxulu xarakterlər canlandırmasının hansı müsbət tərəfi ola bilər? Ümumilikdə nağıl qəhrəmanları obrazlarını əks etdirməkdən söhbət getsəydi, bunu anlayardıq. Uşağın biri müsbət qəhrəman olanda, bir başqası mənfi qəhrəmanın obrazını oynayardı. Bu, tamam fərqli bir oyun, festival olardı. Amma uşağın özünü eybəcər şəklə salması, ətrafa qorxu saçması, mənasız, lazımsız, mənbəyində qara qüvvə, qara enerji daşıyan bir festivalın orta məktəblərdə bu şəkildə yayqın qeyd edilməsinin elmi-pedaqoji izahı varmı, görəsən?! Kiçik yaşlı uşaqlara qorxu xarakterləri təlqin etmək, onlara bənzətməyin gələcəkdə daha ağır nəticələr yarada biləcəyi gözardı edilməməlidir. İntihar, qətl, zorakılıq hallarının dünyada artdığı bir zamanda uşaqlara bu cür eybəcərlikləri təlqin etmək qətiyyən yolverilməzdir. Ekspertlər nəinki uşaqların, hətta böyüklərin də gərgin, psixoloji, qorxu, dəhşət filmlərindən uzaq durmalarını israrla tövsiyə etdikləri bir vaxtda, uşaqların “Cadılar bayramı”nda yer almalarını təşkil edən müəllimlər necə kobud səhvə imza atdıqlarının fərqində belə deyillər.
Ekspertlər də hesab edir ki, milli xüsusiyyətə yad olan bayramlar təhsil müəssisələrində təbliğ olunmamalıdır: “Uşaq bağçasında, orta məktəbdə "Hellouin" bayramının təbliği yolverilməzdir.
Psixoloq Gülnarə Əliyevanın “Sherg.az”a açıqlamasına görə, məktəblərlə yanaşı, bir çox bağçalarda da “Cadılar bayramı” qeyd edilir. Ən acınacaqlısı isə gənc və orta yaşlı instaqram fenomenləri də bu bayramı müasirlik kimi təbliğ edirlər.
Uşaqların bu bayramı həvəslə qeyd etməsinin başadüşülən olduğunu vurğulayan psixoloq deyib ki, bu bayramın tarixi, məqsədi barədə müəllimlər və valideynlər uşaqları məlumatlandırmalıdır. Kor-koranə şəkildə axına qoşulmaq doğru deyil:
"“Cadılar bayramı”nı keçirməklə heç kim müasirləşmir, amerikanlaşmır. Bizim özümüzün gözəl, mahiyyəti bəlli olan bayramlarımız var. Bu bayram bəzi uşaqları əyləndirsə də, orada istifadə olunan qrimlər, geyimlər, qorxunc ruhları tərənnüm edən görüntülər əksər uşaqların psixologiyasına mənfi təsir edir. Onlarda səbəbsiz fobiyalar yaradıb, gecələr kabus görməsinə gətirib çıxarır. Bu mərasimlərdəki personajların səbəb olduğu qorxu hissi uşaqlarda ciddi yuxu pozğunluqlarına da səbəb ola bilər. Bizim mentalitetimizə və adət- ənənələrimizə zidd olan bu bayrama sorğu-sualsız qucaq açdıq. Halbuki Avropa ölkələrinin əksəriyyəti bu bayramı qəbul etmir. Qara magiyanı, ruh çağırmanı təbliğ edən bu bayramın mahiyyətinin xristian dininə zidd olduğunu iddia edirlər. Biz də uşaqlarımızı məqsədi, məramı bəlli olmayan əyləncələrə aludə etməkdənsə, onlar arasında özümüzün milli, dini bayramlarımızı təbliğ etməliyik. Çünki dini bayramlar insanlara ruh yüksəkliyi, mənəvi dirçəliş bəxş edir, milli bayramlar isə xalqa tarixini xatırladaraq, onu bir daha özünə qaytarır”.