Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
Vaxtilə Qarabağda yuva salmış erməni separatçıları beynəlxalq Haaqa Məhkəməsinə çıxarılmalıdır
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz şanlı qələbə qazanaraq 30 illik işğala son qoyduğu tarixdən etibarən dünənədək erməni vəhşiliklərini görməzdən gələnlər də bu vandallığa şahid oldular. Erməni vandallığının sübutu təkcə dağıdılan, viran edilən şəhərlər, kəndlər deyil, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlardır. Və bu məzarlıqların sayı getdikcə artır. İşğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işləri aparıldıqca, erməni vəhşiliyinin ən böyük sübutlarından biri olan mülki şəxslər əleyhinə minalar torpağın bağrından sökülüb atıldıqca, kütləvi məzarlıqlar, insan sümükləri qalıqları da üzə çıxır. İşğaldan azad edilmiş Qarabağ və ətraf bölgələrdə indiyə qədər 13 kütləvi məzarlıq aşkarlanıb, kütləvi insan qırğınları törətmiş Ermənistan hökuməti isə məzarlıqların yerini bildirməkdən də imtina edir, necə ki mina xəritələri hələ də Azərbaycana təhvil verilməyib.
Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində daha bir kütləvi məzarlıq aşkarlandı. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xocalıda aşkar edilən kütləvi məzarlıqla bağlı yaydığı məlumatda qeyd edilir ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması barədə fevralın 21-də Xocalı rayon prokurorluğuna məlumat daxil olub: "Baş Prokurorluğun peşəkar əməkdaşları hadisə yerinə ezam olunmaqla, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib". Qeyd olunub ki, hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir. Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Axtarış işləri tam yekunlaşdıqdan və müavfiq ekspertiza nəticələri müəyyən olunduqdan sonra ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
Bu fakt Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərin növbəti bariz nümunəsi və təsdiqidir. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkə hesabında yazıb ki, bəlkə də bu, ilahi ədalətdir ki, 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımının növbəti ildönümündə bu adsız və günahsız mülki qurbanların qalıqları tapılıb: “Onların kimliyi DNT analizi ilə müəyyən ediləcək. Ermənistanın hərbi təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşmüş hesab olunur. Ermənistan kütləvi şəkildə qətlə yetirilən azərbaycanlıların dəfn olunduğu belə kütləvi məzarlıqların yeri barədə məlumat verməkdən imtina edir. Dövlətin beynəlxalq hüquqa zidd olan hər bir hərəkəti beynəlxalq hüquqa uyğun olaraq həmin dövlətin beynəlxalq məsuliyyətinə səbəb olur. Ermənistan Respublikası Xocalı soyqırımına və Azərbaycana qarşı törədilmiş digər qanunsuz hərəkətlərə görə dövlət məsuliyyətini daşıyır. Ermənistan Respublikası 30 illik hərbi işğala və xüsusilə də Xocalı soyqırımına görə Azərbaycan xalqından və dövlətindən hələ də üzr istəməyib”.
Ümumiyyətlə, 1988-ci ildən başlayaraq Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri azərbaycanlı əhalinin qanuni yerləşdiyi yerlərdən məcburi hərəkətlərlə didərgin salınması, yaşayış məntəqələrində və dövlət obyektlərində maddi sərvətlərin, mədəniyyət abidələrinin talanması və dağıdılması, azərbaycanlı əsir və girovlara dəhşətli işgəncələr verilməsi, beynəlxalq humanitar hüquqla mühafizə olunan mülki və digər şəxslərlə amansız rəftaretmə, azərbaycanlıları milli bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürməklə soyqırımı, deportasiya, işgəncə və s. sülh və insanlıq əleyhinə cinayətlər, habelə qəsdən adam öldürmə, təxribat, terrorizm və başqa xüsusilə ağır cinayət hadisələri törədiblər. Ən böyük qətliam 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verib. Orada girov götürülən 1275 nəfərdən 150-yə yaxınının taleyi bu günədək məlum deyil. Bundan başqa, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunun Ağdaban kəndində 67 sakini işgəncələrlə qətlə yetirib, 2 nəfərin taleyindən isə indiyədək xəbər yoxdur. Həmçinin 2022-ci il Kəlbəcər rayonunun Ballıqaya ərazisində kütləvi məzarlıq aşkar edilib və daha belə bir yer Şuşanın Daşaltı kəndində tapılıb. İnsanlıq əleyhinə cinayətlərdən biri də Kəlbəcər rayonunda “Tunel” adlanan ərazidə 1993-cü il martın 31-də törədilib. 82 nəfərin 50-dən çoxu diri-diri yandırılıb, 31 nəfər girov götürülüb.
Aşkarlanan kütləvi məzarlıqlar və Ermənistanın bəşəriyyət əleyhinə törətdiyi cinayətlərə görə mütləq mühakimə olunacağını bildirən hüquq müdafiəçisi, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, cinayətkar dövlətin ədalət məhkəməsi qarşısında dayanması üçün bütün dəlil və sübutlar Beynəlxalq Cinayət Məhkəməsinə (Haaqa Məhkəməsi) təhvil verilir:
- Ermənistan dövləti və vaxtilə Qarabağda yuva salmış erməni separatçıları alman faşistləri kimi beynəlxalq Haaqa Məhkəməsinə çıxarılmalıdır. Onların 30 il müddətində Azərbaycanın suveren ərazisi olan Qarabağ və ətraf bölgələrdə törətdiyi cinayətlər təkcə azərbaycanlılara qarşı deyildi, bütün bəşəriyyətə qarşı idi. Məsələ təkcə insan tələfatıyla məhdudlaşmır. Onların törətdiyi milli, irqi ayrı-seçkilik, soyqırımı, maddi-mənəvi sərvətlərin məhv və talan edilməsi kimi bəşəri cinayət əməlləridir. Bunu da qeyd etməliyəm ki, Azərbaycanın insan hüquqları üzrə ombudsmanı İkinci Qarabağ müharibəsi dövründən başlayaraq, Azərbaycana qarşı Ermənistan tərəfindən törədilən cinayətlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində geniş fəaliyyət həyata keçirir, bu mövzu ilə əlaqədar hesabatlar hazırlayaraq insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlara ünvanlayır. Bu hesabatlar İnsan hüquqları üzrə müvəkkilin 2023-cü il üzrə məruzəsində əksini tapıb. 2023-cü ildə bu fəaliyyətin davamı olaraq, Ombudsman tərəfindən Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlər və beynəlxalq hüququn pozulması faktlarını özündə ehtiva edən 3 geniş hesabat hazırlanaraq yerli ictimaiyyətin və aidiyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlərin, eyni zamanda beynəlxalq humanitar hüququn pozulması hallarının sübutu olan kütləvi məzarlıqların aşkarlanması faktları nəzərə alınaraq, Ombudsmanın Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi dəfn yerləri ilə bağlı xüsusi hesabatı hazırlanıb, yerli və beynəlxalq ictimaiyyətə təqdim olunub. Həmin hesabatda azərbaycanlılara məxsusluğu təsdiq olunmuş insan qalıqlarının qeyri-insani formada dəfn edilməsinə dair müstəqil yerində araşdırmanın nəticələri, çoxsaylı fotosübutlar yer alır, eyni zamanda beynəlxalq hüququn bu sahəyə aid tələbləri ilə bağlı məlumatlar öz əksini tapır. İtkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi, sağ qalanların Azərbaycana təhvil verilməsi, qətlə yetirilənlərin isə kütləvi dəfn olunduğu yerlər barədə məlumatların təqdim edilməsi, həmçinin mina basdırılmış ərazilərin dəqiq xəritələrinin verilməsi və Ermənistan hərbi-siyasi rəhbərliyi ilə bağlı hüquqi məsuliyyət tədbirlərinin görülməsi üçün qəti mövqe göstərilməsi ilə bağlı dünya ictimaiyyətinə çağırış ünvanlanıb.
S.Bənənyarlı qeyd etdi ki, bundan əvvəl Əsgəran qalasının yaxınlığında aşkarlanmış kütləvi məzarlıqda ən azı 8 insan qalığının olması ehtimal edilir:
- Kütləvi məzarlıq aşkarlandıqda müvafiq qurumların nümayəndələri əraziyə baxış keçirdilər. Lazımi sübutlar toplandı. Qeyd edim ki, Azərbaycanın ötən il Qarabağda apardığı lokal xarakterli antiterror tədbirləri zamanı ələ keçirilən, 1990-cı illərin əvvəllərində Qarabağ bölgəsində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin üzvü olan Beqlaryan Rəşid Aramayisi dindirilərkən 1992-ci ilin fevral ayında dinc Xocalı sakinlərinin qətlində iştirakçı olmasını və hadisələr zamanı 8 nəfər azərbaycanlının qətlə yetirildiyini, orada özünün də iştirakçı olduğunu etiraf edib. İstintaq olunan cinayət işi çərçivəsində, Rəşid Beqlaryan qətlə yetirilən günahsız insanların Əsgəran qəsəbəsində, Qarqar çayının sol sahilində, Əsgəran qalasının ətrafında basdırıldığını etiraf edib. Aşkar edilən kütləvi məzarlığı yerli media nümayəndələri ilə yanaşı Serbiya, Türkiyə, Mərakeş, Peru, Uruqvay, Özbəkistan, Bosniya, Rusiyadan olan 35 nəfər xarici media nümayəndələri də ziyarət etmişdi. Yəni Ermənistan dövlətinin insanlıq əleyhinə cinayətləri hər addımda üzə çıxır. Ermənistan hökumətinin rəhbərliyində təmsil olunan cinayətkarlarsa kütləvi məzarlıqların yerini bildirməməklə, mina xəritələrini Azərbaycana təhvil verməməklə cinayətkar əməllərini davam etdirirlər.