Din mənəviyyatla yanaşı, həm də təhlükəsizlik məsələsidir -Deputat

Bu istiqamətdə dövlətimizin atdığı addımlar xüsusi önəm daşıyır
 
 
Azərbaycan qədim dövrlərdən müxtəlif dinlərin yayıldığı, sülh və əmin-amanlıq şəraitində yaşadığı məkan olub. Burada yaşayan ayrı-ayrı dinlərin mənsubları tarixin heç bir dönəmində ayrı-seçkiliyə məruz qalmayıblar. Bu gün ölkəmiz bir çox sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də nümunəvi təcrübəyə malikdir. Hazırda Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən hesab olunur, ölkəmiz bir çox beynəlxalq konfranslara ev sahibliyi edir. Müasir dövrdə dünya dövlətləri qarşısında duran ən başlıca vəzifələrdən biri milli və dini təhlükəsizliklərini təmin etməkdir. Bu gün bir sıra müsəlman ölkələrində xoşagəlməz proseslər baş verir. Bəzi hallarda dindən siyasi məqsədlərlə istifadəyə cəhdlər edilir. Hazırda bir sıra müsəlman ölkələrində milli-mənəvi dəyərlər sistemi zərərli ideoloji təsirlərə məruz qalır. Bu baxımdan, bir millətin güclü olması üçün tarixini dərindən bilməsi, öz kökünə, milli-mənəvi dəyərlərinə sıx bağlılığı xüsusi əhəmiyyət daşıyır. Tarix unudanları, ondan nəticə çıxarmayanları heç zaman bağışlamır. 1991-ci ildə Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra digər sahələrdə olduğu kimi, din sahəsində də unudulmuş ənənələr sürətli bərpa olunmağa başladı. Xüsusilə, Ulu Öndər Heydər Əliyev Azərbaycanda xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn kimi ölkə daxilində dindarların problemləri ilə maraqlandı. Dövlət və din münasibətlərinin tənzimlənməsində, multikulturalizm və tolerantlıq dəyərlərinin bərqərar edilməsində çox işlər gördü, xarici siyasətdə isə islam amilinə xüsusi diqqət yetirdi. Ümummilli Lider islam dininin mahiyyəti, onun mütərəqqi, qüdrətli bir din olduğu və Azərbaycan xalqının həyatında mühüm rol oynadığını həmişə vurğulamışdır. Ulu Öndər Təzəpir məscidində dindarlarla görüşlərinin birində islamın tərəqqipərvər və dünyəvi əhəmiyyətindən danışaraq deyirdi: "Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu islam dini özünün mütərəqqi olduğunu və eyni zamanda islam dininə itaət edən adamların hamısının özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz məmləkətini qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, islam dini indiyə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün islam dininə itaət edən adamların hamısını xoşbəxtliyə, səadətə gətirib çıxaracaq".
 Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına çox böyük diqqət və qayğı göstərir. Ölkəmizdə dini və milli tolerantlığın tarixən mövcud olduğunu və bu tolerantlığın indiyə kimi qorunub saxlanılmasında xalqımızın genetik kodunun və bu kodu formalaşdıran elementlərdən olan islam dininin misilsiz rol oynadığını vurğulayan dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, islam dəyərləri milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir: "Biz öz dinimizə bağlıyıq, dünyada islam mədəniyyətini təbliğ edirik. Dünyada çoxsaylı konfranslar, sərgilər, təqdimatlar keçirilir, Azərbaycan həqiqətləri, islam mədəniyyətinin həqiqətləri dünya ictimaiyyətinə təqdim edilir. Biz islamı olduğu kimi, sülh, mərhəmət dini kimi dünyaya təqdim edirik və bu fəaliyyəti bundan sonra da davam etdirəcəyik". Azərbaycanda islam dəyərlərinin qorunması və təbliğindən danışarkən ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi vurğulamaq lazımdır. Fondun dəstəyi ilə bugünədək çox sayda islam abidəsi təmir və bərpa olunub, yenidən qurulub və dindarların istifadəsinə verilib. Tam əminliklə deyə bilərik ki, islam təkcə Şərq ilə Qərbin deyil, həm də bütün dinlərin qovşağı sayılan Azərbaycanda bu gün ən parlaq dövrünü yaşayır. Əgər SSRİ dövründə respublikamızda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda bu say 2200-ə çatıb. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Heydər məscidi, Şamaxı Cümə məscidi, Gəncə "İmamzadə" kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Ölkə ərazisində Əshabi-Kəhf ziyarətgahı, Qafqazın ən qədim məscidi - 743-cü ildə əsası qoyulmuş Şamaxı Cümə məscidi, Bibiheybət məscid-ziyarətgah kompleksi, Gəncə "İmamzadə" kompleksi və digər çoxsaylı abidələr Azərbaycanın islam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfələrindəndir. İslam aləmi ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindəndir. İlk diplomatik missiyalarının məhz müsəlman ölkələrində fəaliyyətə başlaması, İslam Əməkdaşlıq Təşkilatı  və ICESCO kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrilməsi ölkəmizin islam dünyasındakı əhəmiyyətli çəkiyə sahib olduğunun ən bariz nümunəsidir. Ölkəmiz şiə və sünnilərin tarix boyu birgə yaşadığı nadir ölkələrdən biridir. Burada bu məzhəblərin ardıcılları bir-biri ilə sıx şəkildə qaynayıb qarışıb, ictimai həyatımızın istisnasız, bütün sahələrində birlik və bərabərlik nümayiş etdirirlər.

 Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında vurğulayıb ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına, məscidlərimizin tikintisinə, bərpasına xüsusi önəm və həssaslıqla yanaşıblar. Deputat diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev bir neçə dəfə müqəddəs məkanı, Kəbəni ziyarət ediblər: 
"Ulu Öndər və Prezident Kəbəni ziyarət edərkən torpaqlarımızın müstəqilliyi üçün dua ediblər və öz dinimizə hörmətlərini, inamlarını hər zaman ifadə ediblər. Təəssüflə qeyd etmək lazımdır ki, bu gün bəzi ölkələr Azərbaycanın daxili işlərinə qarışmağa, dini vəziyyəti qarışmağa çalışırlar. Əlbəttə, bu, qəbuledilməzdir. Azərbaycan dövləti bunların qarşısını hər zaman qətiyyətlə alacaq. Xalqımız və dövlətimiz islam mədəniyyətinə və sivilizasiyasına çox böyük töhfələr verib. İslam mədəniyyətinin formalaşmasında azərbaycanlı alimlər böyük rol oynayıblar. Şəkəvi, Naxçıvani, Beyləqani, Bərdəyi kimi alimlər islam mədəniyyətinin formalaşmasında və inkişafında öz rollarını ciddi formada oynayıblar. Bu gün dövlətimizin əsas hədəfi və məqsədi bu ənənələri davam etdirmək, ölkəmizdə dinlərarası dialoqu gücləndirməkdir, məzhəb ayrı-seçkiliyinə qarşı tədbirləri həyata keçirməkdir. Din mənəviyyatla yanaşı, həm də təhlükəsizlik məsələsidir. Ona görə də dini və milli təhlükəsizliyimizin qorunması istiqamətində dövlətimizin atdığı addımlar xüsusi önəm daşıyır. Biz dini təhlükəsizliyimizi də, milli təhlükəsizliyimizi də ciddi formada qurmalıyıq. Bu istiqamətdə davamlı müxtəlif tədbirləri və addımları həyata keçirmək üçün səylə çalışmalıyıq. Bu, olduqca əhəmiyyətli məsələdir".