Sosioloq: Boşanma statistikası sürətlə yüksələcək

Təklif olunan dəyişikliyə görə boşanmalar asanlaşdırılacaq

Ərindən küsən, arvadından inciyən, sözü çəp gələn kim varsa, nəfəsini məhkəmədə dərəcək
 

 Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları çərçivəsində nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum ödəniləcək.
Bu, “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, bu rüsum 15 dollar olacaq.

 Sosioloq Lalə Mehralı isə “Sherg.az”a açıqlamasında deyib ki, boşanmaq üçün hazırkı rüsum bildiyimə görə, 50 manatdır:
"Yəni boşanmaq üçün müraciət edən tərəf məhkəməyə bu məbləği ödəyir. Əgər məhkəmə mediasiyaya göndərirsə, bu halda da 50 manat ödənilir. Yəni boşanma iddiası ilə müraciət edən şəxs ümumilikdə 100 manat rüsum ödəyir. Təklif olunan dəyişikliyə görə boşanmalar asanlaşdırılacaq. Yəni əvvəl maddi imkanı olmayan, bunun üçün boşanmaq fikrindən daşınıb ailəsini dağıtmaqdan imtina edən indi 15 dollar müqabilində istədiyini reallaşdıracaq. Bu da öz növbəsində boşanma statistikasını sürətlə yüksəldəcək. Biz hamımız bilirik ki, bizdə çox bəsit səbəblərdən boşanan yüzlərlə ailə var. Bu təklif onların dəyirmanına su tökəcək. Ərindən küsən, arvadından inciyən, sözü çəp gələn kim varsa, nəfəsini məhkəmədə dərəcək”.
 
Sosioloq deyib ki, ailə valideynlər və uşaqlardan ibarət ən kiçik sosial quruluşlu müəssisədir və cəmiyyəti təşkil edən institutların əsasıdır: 
“Güclü ailə quruluşu ilə güclü cəmiyyət arasındakı bağ bir-biri ilə düz mütənasibdir. Əslində, ənənəvi azərbaycanlı ailəsindəki parçalanma, nəsillərarası fərqlər, boşanmaların çoxalması, vətəndaş nikahlarının və atasız uşaqların getdikcə artması bir qədər gözlənilən idi. Çünki hadisələrin inkişafı bu sonu qaçılmaz edib. Lakin bu dərəcədə aşınma bir növ inqilab, çevriliş effekti oldu. İnsanların sərhədsiz ünsiyyət, sosiallaşmaq kimi məşğuliyyətləri mental dəyərlərinə də təsirsiz ötüşmür. Qidalanma faktoru da əhəmiyyətlidir, insan yediyi qidaya uyğun davranır, yediklərimiz psixologiyamızı formalaşdırır. Ailədaxili münasibətlər sosial problemdir və dolayısı ilə bütün cəmiyyətin problemidir.  Ailədə gərginlik varsa, öncə sosioloji tərəfləri araşdırılmalıdır. Psixoloji problemlərin çoxu, əslində, sosioloji problemlərdən doğur. Ailə asan qurulmur, amma müşahidələrimə görə, çox asanlıqla dağılır. Ən sadə mübahisənin sonunda ailə boşanmaya qərar verir. Oğlanlar ailə qurmaqdan çəkinir, yaxın ətrafında evlənən hər 5 cütlükdən 3-ü boşanırsa, o da qorxur, necə deyərlər, süddən ağzı yanan suyu üfürərək içər”.