Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.
Hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci il təvəllüdlü Ramil Nəsirovun meyiti kirayə yaşadığı mənzilin eyvanından asılmış vəziyyətdə aşkar edilib. Onun intihar etdiyi ehtimal edilir.
Araşdırma aparılır.
Ramil Nəsirovun Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi olduğu bildirilir.
BDU-nun mətbuat xidməti tələbənin ölümü barədə məlumat yayıb.
Bildirilib ki, Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi Ramil Aqil oğlu Nəsirov vəfat edib. 2020-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinə Tərcümə (fars dili) ixtisası üzrə qəbul olunmuş Ramil Nəsirov Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi.
“Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı ''Sherg.az''a bildirib ki, İntihar müxtəlif səbəblərdən qaynaqlanır:
“Son dövrlər asosiallaşma, ünsiyyətlərin azalması, mənəvi deqredasiya, psixoloji yüklənmə, ətrafdan neqativ enerji almaq, intihar xəbərlərinin tez-tez verilməsi gətirib intiharlara çıxarır. Müəyyən bir yaş dövründə uşaqların üzərində valideynlərin və ətrafdakıların nəzarəti olmalıdır. Tələbələrin yataqxanalarda qalması daha məqsədə uyğundur. Çünki ətrafdakılar ilə daim ünsiyyətdə olurlar. İnsan tək qalan zaman hər hansısa psixoloji səbəbdən, əsəbdən və ya narkotikin təsirindən intihara cəhd edir. Bu kimi məsələlərə valideynlər və cəmiyyət elə tərzdə yanaşmalıdır ki, problemlər aradan qaldırılsın. İntihar faktlarının çox yayılmaması, təbliğ olunmaması, cəmiyyətdə neqativ informasiyaların azaldılması lazımdır. Tələbə kirayəni verə və xərclərini ödəyə bilmirsə, buda intihara yol açan səbəblərdən biridir. Müxtəlif ölkələrdə intiharın azaldılması ilə bağlı sosial dəstək proqramları var. Bizim ölkədə heç kəs psixoloji müayinədən keçmir. Halbuki bu kimi məcburi müayinələr olmalıdır”.