Xırdabuynuzlu heyvanların Gürcüstandan Azərbaycana idxalına, habelə Azərbaycan ərazisindən keçməklə tranzit daşınmasına Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, AQTA Gürcüstanın Aşağı Kartli regionunda xırdabuynuzlu heyvanların taunu xəstəliyinin qeydə alınmasını nəzərə alaraq, Ağstafa, Qazax, Tovuz, Balakən, Qax, Zaqatala, Samux rayonlarının ərazilərində xəstəliyə həssas ev və vəhşi xırdabuynuzlu heyvanlar arasında epizootoloji monitorinqlər keçirib. Cari ilin 13-29 mart tarixlərində keçirilmiş monitorinqlər zamanı sözügedən sərhədyanı rayonlara aid təsadüfi seçim üsulu ilə təyin edilmiş 65 yaşayış məntəqəsində mövcud olan 195 fərdi və ya fermer təsərrüfatlarında 6-12 aylıq xırdabuynuzlu heyvanlardan 845 diaqnostik nümunələr götürülüb, eyni zamanda ev heyvanları ilə yanaşı, rayonlardakı təbiət ərazilərində vəhşi heyvanlar arasında da klinik müşahidələr aparılıb. Götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında və Göygöl Regional Sınaq Laboratoriyasında müayinə edilib. Laborator müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində xəstəliyin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan heyvana rast gəlinməyib. Nümunələr xırdabuynuzlu heyvanların çiçək xəstəliyinə görə də laborator müayinələrə cəlb olunub və yoluxmaya şübhəli hal rast gəlinməyib. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin mütəxəssisləri iştirak ediblər.
"Əlavə olaraq bildiririk ki, xırdabuynuzlu heyvanların Gürcüstan ərazisindən Azərbaycan Respublikasına idxalına, habelə Azərbaycan Respublikasının ərazisindən keçməklə tranzit daşınmasına Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub", - deyə məlumatda vurğulanıb.
Bəs görəsən, qadağa ölkədəki heyvandarlıq sahəsinə necə təsir edəcək? Bu amil ölkədə ətin qiymətinin bahalaşmasına gətirib çıxara bilər?
Məsələyə münasibət bildirən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov "Sherg.az"a bildirib ki, son bir ay ərzində xırdabuynuzlu heyvanların ətinin qiymətində artım müşahidə olunur:
''Hazırda Gürcüstandan xırdabuynuzlu heyvanların idxalına qadağ qoyulsa da, birincü rübdə xaricdən gətirilən heyvanların sayı kəskin şəkildə aşağı düşüb. Bu da ola bilsin ki, taun xəstəliyinin yayılması ilə bağlıdır. Ətin qiymətinin bahalaşma ehtimalı var. Əgər Azərbaycan bu sahə ilə əlaqədar ciddi tədbirlər görməzsə, örüş sahələri müasir dövrün tələblərinə uyğun otarılması təmin edilməzsə, məhsuldarlığın inkişafı üçün aqrotexniki işlər görməzsə, qiymətlərdə artımın olacağı qaçınılmazdır. Günümüzdə ölkənin ət təlabatında ciddi problemlər mövcuddur. Dünya Səhiyyə Təşkilatında müəyyən etdiyi adambaşına norma 78 kiloqram olduğu halda, Azərbaycan daxili imkanları hesabına 30 kiloqram ödəyə bilir. Bir sözlə, bu sahədə qonşu ölkələrdən geri qalırıq''.
Ekspert vurğulayıb ki, ətin dəyəri təklif və tələbdən asılı olaraq dəyişir:
"Əgər təklif əsasında formalaşacaqsa, qiymətdə artım olmayacaq. Ancaq idxalın azalmasına görə təklif də azalacaqsa, vəziyyət qiymətə təsir göstərəcək. Nəzərə almaq lazımdır ki, yay mövsümü gəlir. Əhali daha çox meyvə-tərəvəz məhsullarına önəm verəcək. Ancaq tendensiya bu cür davam edərsə, payıza doğru qiymətlərdə artım olacağı proqnozlaşdırılır".