Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən maarifləndirmə və profilaktik işlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Nərimanov RPİ əməkdaşlarının keçirdikləri tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan köşk və mağazalar aşkar olunub.
Azyaşlılara tütün məmulatı satan satıcılarla profilaktik söhbətlər aparılıb. Həmin obyekt sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən paytaxtla yanaşı, bölgələrdə də yetkinlik yaşına çatmayanlara tütün məmulatların satışının qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq davam etdirilir.
Sağlam Cəmiyyət Hərəkatının rəhbəriElçin Bayramlı ''Sherg.az''a bildirib ki, dövlət qanun, qadağalar və cərimələr qoyaraq öz borcunu yerinə yetirib:
“Vətəndaş olaraq satıcının, valideynin, ətradakı şəxslərin o qayda və qanunlara nəzarət etməsi lazımdır. Əvvəllər böyük adamlar siqaret çəkən uşaqları görən zaman valideynin yanına apararaq cəzalandırırdı. İndi isə heç kəs buna əhəmiyyət vermir. Bəzi xırda dükanlar, köşklər siqaret və spirtli içki sataraq gəlir güdürlər. Burada ictimai nəzarət olmalıdır. Vətəndaş şikayət etsə ki, bəzi dükanlar azyaşlılara siqaret, spirtli içki satır, həmin şəxslər cərimə olunaraq qorxuya düşəcək və bu addımı atmayacaqlar. İkinci nəzarət isə valideyn tərəfindən olmalıdır. Azyaşlı uşağın siqaret çəkməsini valideynin bilməməsi normal hal deyil. Hər gün valideyn uşaqlarını öpür, qucaqlayır. 10 metrdən siqaretin qoxusu insana gəlir. Valideyn bunu bilmirsə, deməli uşağın başını buraxıb. Həmin uşaq da başqalarına qoşularaq zərərli vərdişlərə yiyələnəcək. Yəni spirtli içkiləri və siqareti satan şəxslərdən alıb istifadə ecəklər. Ətrafda bu halları görən şəxslər tədbirlər görməlidirlər. Hansı bir formada qarşısını almağa çalışmalıdır. Bütün ölkələrdə bu üsullar ilə problemi aradan qaldırırlar”.