Son vaxtlar qadınların eril yəni, kişi enerjisi artıb. Qadınlar bir növ özlərini kişi kimi aparmağa başlayıblar. Bəs bu stiuasiyanın yaranmasına hansı faktorlar təsir edir?
Mövzuya münasibət bildirən psixoloq Ramida Oktayqızı "Sherg.az"a deyib ki, qadın enerjisini istər böyük cəmiyyətdə, istərsə də ailələrdə görmək olur:
"Hər bir ailə kiçik cəmiyyətdir. Ailə dəyərinin fornalaşmasında qadının çox böyük rolu var. Təbii ki, ailələr bir neçə qruplara bölünür. Məsələn,avtoritar, avtoritet, demokratik, liberal və etinadsız ailələr. Avtoritet ailələrin çoxu dominant insanlar olur. Avtoritarda isə hər iki valideyn eyni hüquqa sahibdir, ancaq uşaqlarına heç bir haqq tanıtmırlar. Lakin avtoritetdə valideynlərdən ikisindən biri dominantlıq təşkil edir. Son dövrlər isə daha çox ailədə qadınların üstün mövqedə olduğunu müşahidə edirik. Qadın həm ana, tərbiyə verən, həm də münasibətləri analiz edən şəxsdir. Milli-mental dəyərlərimizdən irəli gələrək hər zaman onlara xüsusi sevgi, önəm verilir. Son vaxtlar isə qadınların işləməsi, daha çox övladları ilə vaxt keçirməsi, ictimai yerlərdə sözlərinin keçməsi eril enerjinin artmasına səbəb olur. Əvvəllər kiçik ailəni idarə edən qadın artıq böyük kollektivi idarə etməyə başlayır. Uşaq baxçalarında, orta məktəblərdə qadın müəllimlərin çoxluq təşkil etməsi, kişi müəllimlərin tarixə qovuşması, özəl və dövlət sahibkarlıq xidmətlərində qadın rəhbərlərinin artması münasibətlərin dəyişməsinə gətirib çıxarır".
Ekspert diqqətə çatdırıb ki, qadınlar məsələlərə humanist, demokratik yanaşırlar, yaxşı pisdən ayırmağı bacarırlar:
"Əslində qadın və kişi eyni hüquqa sahibdirlər. Bunun üçün insani münasibətlərə, şəxsi keyfiyyətlərə görə nələrisə seçə bilərik. Burada diqqətli olunacaq nüans qadın enerjisinin azalması yox, qadınlarda kişi enerjisinin çoxalmasıdır. Belə ki, bu faktor qadınlarda eqoizmə səbəb olmamalı, boşanmalara gətirib çıxarmamalı, düşüncə pozuntusu yaratmamalı, eqosentrizmi yüksətməməlidir. Sadəcə olaraq, onlar buna dəstək mexanizmi kimi baxmalı və həyatda lazımlı olduqlarını anlamalıdırlar. Bu isə cəmiyyətə daha sağlam, adekvat reaksiyalara sahib insanların yetişməsinə səbəb olacaq".