İctimai və dövlət maraqlarının müdafiəsi
Bu torpaqlarda yeni müəssisələr fəaliyyətə başlayır, əhali üçün yeni iş yerləri imkanı yaranır
Ərazilərimizin işğaldan azad edilməsi Azərbaycanın suverenliyinin bərpası, Azərbaycan Konstitusiyasının bütün ölkə ərazisində qüvvəyə minməsi, 30 ilə yaxın müddətdə elindən-obasından didərgin salınmış yurddaşlarımızın doğma torpağa qayıdışını təmin etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi, növbəti mərhələdə tikinti, yenidənqurma, bərpa işlərinə başlanması bu torpaqlara bağlılığımızın təsdiqi oldu. Keçmiş məcburi köçkünlərin doğma yurdlara köçürülməsi də dövlət və xalqın əzəli yurd yerlərinə sahib çıxdığını göstərir. Qayıdış proqramının əsas hədəflərindən biri, həmçinin əhalinin məşğulluğunun təmin edilməsidir. Çünki məşğulluğun təmin edilməsi həm işğaldan azad edilmiş ərazilərdə iş yerlərinin açılmasını, sənaye müəssisələrinin, fabrik, zavodların, ictimai iaşə obyektlərinin, təhsil ocaqlarının, mədəni mərkəzlərin yaradıılmasını şərtləndirir. Harada insan məskən salırsa, orada iş, əmək də olmalıdır. Həyatın davamı bundan böyük mənada asılıdır. Bu həm əhalinin, ictimaiyyətin maraqlarına, həm də dövlət maraqlarına xidmət edən amildir. Dövlətin marağındadır ki, işğaldan azad edilmiş ərazilərdə həyat axarına düşsün, dövlət təsisatları, özəl strukturlar formalaşsın, həm də əhalinin məşğulluğu təmin edilsin ki, gəlir səviyyəsi də artsın, insanların maddi rifah halı yüksəlsin. İşğal faktına son qoyulduğu gündən başlayaraq Azərbaycan xalqı dövlət başçısının Qarabağ və ətraf bölgələrə intensiv səfər etdiyinə şahiddir. Cənab Prezidentin bu səfərləri daim əməli olub. Hər səfərdə bir deyil, bir neçə yeniliyə imza atılıb. Yolların salınması, aeroport tikintisi, məktəb, uşaq bağçası, yaşayış binalarının, ibadət və mədəniyyət ocaqlarının təməlinin qoyulması, sənaye obyektlərinin yaradılması, nəhəng bərpa-tikinti işlərinə ciddi nəzarət məhz doğma yurdlara qayıdan və qayıdacaq əhalinin sosial-rifah halının yüksəldilməsi, dövlət təsisatlarının bərpası məqsədi daşıyır. Məlumdur ki, 30 ilə yaxın zaman kəsiyində köçkün vətəndaşlarımız torpaqdan uzaq düşüb. Vaxtilə əkinçilik, bostançılıq, heyvandarlıqla məşğul olan, Qarabağın geniş düzlərində pambıqçılıq, tütünçülük, üzümçülüyün inkişafı üçün əmək sərf edənlər yenidən öz peşələrinə qayıtmağa hazırdırlar. Sadəcə, hazırda yeni innovasiyaların tətbiqi dövrüdür. Kənd təsərrüfatında da, istehsalatda da müasir texnologiyalar, rəqəmsal həllər öncüldür. Bu isə əmək qabiliyyətli əhalidən yeniliklərə bələd olmağı tələb edir. Bu reallıq nəzərə alınaraq ötən ildən başlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhali üçün əmək yarmarkalarının təşkilinə başlayıb. Məqsəd əhalinin məşğulluğunun təmin edilməsi, vətəndaşların iş bacarıqlarının öyrənilməsidir. İşğaldan azad edilmiş ərazilərimizdə ilk əmək yarmarkası ötən ilin noyabr ayında keçirilib. İşğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması tədbirləri davam etdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Füzuli şəhərində ilk əmək yarmarkası təşkil edib. Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbdə keçirilən aktiv məşğulluq tədbiri şəhərə köçürülən sakinlər üçün təşkil edilib. Dövlət və özəl sektordan olan və Füzulidə fəaliyyət göstərən 20 işəgötürənin iştirak etdiyi tədbirdə müxtəlif istiqamətlər üzrə 200-ə yaxın vakansiya təqdim edilib. Yarmarkaya qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb. Həmçinin iştirakçılara Agentliyin aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilib. Daha sonra yarmarkada iştirak edən işəgötürənlərlə işğaldan azad edilmiş ərazilərdə görülən işlər və birgə əməkdaşlıq məsələlərinin müzakirəsinə dair görüş keçirilib. İşəgötürənlərə Agentliyin fəaliyyəti, məşğulluq tədbirləri, Füzuliyə köçürülən sakinlərin məşğulluqlarının təmini istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, artıq şəhərə köçürülən 258 ailənin üzvlərinin məlumatları təhlil olunub, əmək qabiliyyətli şəxslərin məşğulluq imkanları qiymətləndirilib və məşğulluq tədbirlərinin cəlbinə başlanılıb. Artıq 73 nəfər münasib işlə təmin edilib, 20 nəfər özünüməşğulluq proqramına cəlb edilib və daha 150-dək sakinin məşğulluğunun təmini üçün işlər aparılır. Görüşdə Agentliyin işəgötürənlərə yönəlik dəstək tədbirlərindən danışılıb, azad olunan ərazilərimizə köçürülən şəxslərin məşğulluğunun təminatı üçün işəgötürənlərlə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Növbəti peşə yarmarkası Laçın rayonunda keçirilir. Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin məlumatında qeyd edilir ki, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi həmin ərazilərdə ilk dəfə olmaqla, aprelin 25-də Laçında “Laçında peşə öyrən!” adlı peşə yarmarkası keçirilib. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçiriləcən yarmarka Həkəri çayının sahilində təşkil olunub. Tədbirdə Laçında fəaliyyət göstərən işəgötürənlər tərəfindən Laçın şəhəri və Laçının Zabux kəndinin əhalisinə peşə istiqamətləri təqdim olunub. Həmçinin müxtəlif peşələr üzrə master-klasslar da keçiriləcək.
Peşə yarmarkalarının keçirilməsini alqışlayan iqtisadçı Fuad İbrahimov “Sherg.az”a aşıqlamasında bildirdi ki, bu cür yarmarkaların keçirilməsi əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində mühüm addımdır:
- Məlum məsələdir ki, insan harada məskunlaşırsa, orada məşğulluğunu təmin etməyə çalışır. Sirr deyil ki, Qarabağ əhalisi çalışqandır. Bu insanlar torpağa bağlıdırlar. Təbiidir, Qarabağ, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı… hər qarış torpağımız bizim üçün müqəddəs Vətən torpağıdır, hər qarış bizə doğmadır, əzizdir. Torpağa bağlılıq da Vətənə bağlılıqla eynidir. Cənab Prezidentin də dediyi kimi, biz artıq doğma torpağımıza əbədi olaraq qayıtmışıq. Əlbəttə, orada yeni müəssisələr fəaliyyətə başlayır, əhali üçün yeni iş yerləri imkanı yaranır. Ərazilərimiz işğaldan azad olunduqdan sonra sosial tədqiqat mərkəzləri keçmiş məcburi köçkünlərin bacarıqlarının təsnifatını aparır, əhalinin neçə faizinin əmək qabiliyyətli olduğu, mənsub olduqları peşələr, ixtisaslar da öyrənilir. Bu, əhalinin məşğulluğunun düzgün təmin edilməsi üçün vacibdir. Nəzərə alınmalıdır ki, indi 21-ci əsrdir və müasir texnologiyalar, innovasiyalar mövcuddur. Qarabağda salınan “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin idarə edilməsi üçün uyğun mütəxəssislər lazımdır. Bunun üçün də peşə kursları təşkil edilməli, fəaliyyət göstərəcək ali təhsil ocaqlarında, orta məktəblərdə, orta ixtisas peşə məktəblərində yeniyetmə və gənclərə də müasir ixtisaslar, elektronlaşdırma, rəqəmsal proqramlar öyrədilməlidir. Görürük ki, Qarabağda istehsal artmaq üzrədir. Baxmayaraq ki, məskunlaşma proqramı hələ tam yekunlaşmayıb, amma köçürülmüş əhali istehsalla məşğuldur artıq. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatı sevindiricidir. Qeyd edilir ki, 2024-cü ilin yanvar-mart ayları ərzində işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 4 867 ton ət, 34 052 ton süd istehsal olunub. Komitənin hesabatı əsasında aparılan hesablamalara görə, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6 faiz və ya 271 ton artıb, süd istehsalı isə 1.3 faiz və ya 460 ton azalıb. 2023-ci ilin yanvar-mart ayları ərzində işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 4596 ton ət, 34 512 ton süd istehsal olunub. Hesabat dövündə ən çox ət və süd Ağdam rayonunda istehsal edilib. Belə ki, hesabat dövründə Ağdamda 1192 ton ət, 10 859 ton isə süd istehsal olunub. Bu onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimizdə qurulan təsərrüfatlar yerli istehsalı xeyli artırıb. Əlbəttə, bu, ölkəmizin ərzaq təminatı baxımından idxaldan asılılığını azaldan amildir. Cənab Prezident də daim vurğulayır ki, Azərbaycan özünü ərzaqla təmin etmək gücündədir, biz buna çalışmalıyıq ki, idxaldan asılılığımız getdikcə azalsın, özünü tam təmin edə bilən ölkəyə çevrilək. İşğaldan azad edilmiş ərazilərdə bundan sonra da düzgün iqtisadi siyasət aparılarsa, həm dövlət büdcəsi bundan faydalanacaq, həm də əhalinin sosial rifah halı yüksələcək.