Qazaxıstan parlamenti tərəfindən birdəfəlik istifadə edilən siqaretlərin qadağan edilməsi ilə bağlı qanun layihəsi qəbul edilib. Rusiyada da qanun təşəbbüsü deputatlar tərəfindən irəli sürülüb.
Trend xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Emin Hacıyev deyib.
Onun sözlərinə görə, bir çox hallarda belə siqaretlər zərərsiz tütün məmulatı kimi təqdim edilir:
“Hesab edirəm ki, AQTA bu məsələ ilə bağlı ciddi işlər aparmalı, onun tərkibi haqqında maarifləndirici işlər görülməlidir. İdxal edilən siqaretlərlə bağlı tələblər qoyulmalıdır. Çünki onun tərkibində zərərli maddələr olmasaydı, bir çox dövlət bununla bağlı qərar qəbul etməzdi. Bu haqda düşünməliyik”.
E.Hacıyev qeyd edib ki, arağın istehsalı ilə bağlı keyfiyyət qaldırılmalıdır:
“Dünyada arağın istehsalında bir neçə növ spirtdən istifadə edilir. Burada bir çox şərtlər var. Rəqabət qabiliyyətli məhsulun istehsalı üçün yaxşı olardı ki, qanun layihəsində idxal ediləcək spirtlərin növlərini də qeyd edərdik. Gələcəkdə yerli istehsalçıların istehsal etdikləri məhsulların keyfiyyətini artırmaq üçün idxal ediləcək spirt növləri ilə bağlı şərtlərin qoyulması məqsədəuyğun olardı”.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Sherg.az”a bildirib ki, alkoqollu içkilər seqmentində böyük problemlər yaşanır:
“Alkoqollu içkilər seqmentinin biabırçı və acınacaqlı vəziyyətdə olmasını 4 il bundan öncə Daxili İşlər Nazirliyi baş mütəşəkkil cinayətlər qarşı mübarizə idarəsi masaya yatırdı. Onlar sübut etdi ki, ən bahalı restoranlarda bahalı belə naməlum mayelər brend butulkalara doldurularaq insanlara satılır. Burada ciddi problemlər var. Həbslər və ekspertizalar həyata keçirildi. Təəssüflər olsunki ardıcıllıq davam etmədi. Adını çəkdiyim dövlət qurumu bu sahədə ən effektiv iş görə bilən qurumdur. Sovet dövründən bəri əhalidə səhv fikir formalaşıb ki, spirtli içki nə qədər qalarsa, o qədər də yaxşı olar. Bu səhv fikirdir. İnsanlar bilməlidir ki, spirtli içkilər xüsusi şəraitdə və tempraturda saxlandıqda yetişir. Bir neçə il öncə biz Fransanın cənubunda şərab zavoduna getdik. Böyük nümayəndə heyəti ilə şərab zavodunun zirzəmisinə düşdük. Hündürlüyü 2 metr olan palıd çəlləklərdə xüsusi tempraturda və işıq rejimində şərablar saxlanılırdı. Bizə dedilər ki, yüksək səslə danışmayın içkilər ayılar. Əhali bilməlidir ki, konyakların satışda saxlanılma müddəti 3 ildən, şərablar 6 aydan, araqlar isə 1 ildən artıq deyil. Spirtli içki istehsal edən müəssisələr çalışırlar ki, mallarını ölməz etsinlər. Səhv düşüncəni istehlakçıların beyninə həkk ediblər. Azərbaycan əmtəə bazarı monitorinq aparsa görərik ki, təxminən 90 faiz içkilərin üzərində buraxılma tarixi və son yararlılıq müddəti yoxdur. Ancaq olanlar da var. İstehlakçılara hər zaman deyirəm ki, hansının üzərində tarixi varsa, onu da alın. Xaricdən gətirilən içkilərdə də bu məsələ problemdir. Hətta Portuqaliyada belə istehlakçıların aldadılmasını görmüşəm. Tozlaşdırılmış yarım litrlik butulkaları min dollara verirlər ki, guya bu çoxdan qalıb. Saxta və aksiz markası ilə içkilərin satışı baş verir. Əhali spirtli içki alan zaman onun aksiz markasına fikir verməlidir. Aksiz markasında gümüşü zolaq içərisində Azərbaycanın gerbi görünməlidir. İstehlakçılar aksiz markası, markası olmayan və eləcə də təsadüfi yerlərdə olan içkiləri içməsinlər. Xüsusən də regionlarda, şadlıq evlərində və ipək yolu üzərində olan restoranlarda saxta içkilərin satışı yayılıb. Təhlükəli içki insanların həyatına bir anda son qoya bilər. İstehlakçılar dediyim amillərə fikir versinlər. Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyi iş aparmalıdır. Bir çox şərab zavodlarının anbarlarında 20 ilə yaxın sata bilmədikləri içkilər mövcuddur. Bu içkilərin bazara çıxarılma ehtimalı yüksəkdir. Ona görədə bunlar izlənilməlidir. Bütün şərab zavodlarının anbarlarında monitorinqlər aparılmalı və mal partiyaları müəyyən olunmalıdır ki, onlar satışa çıxarılan zaman qarşısı alınsın”.