Mehriban Zeynalova: Valideyn tək başına davranışını dəyişə bilmirsə, ona kömək etmək lazımdır

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Trend xəbər verir ki, qanuna əsasən prokuror valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldıra biləcək.
Valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldırmaq hüququ olan şəxslər sırasına prokurorluq orqanlarının da əlavə edilməsi təklif edilir.
Qeyd edək ki, hazırda uşağın yaxın qohumları, yetkinlik yaşına çatmayan uşaqları müdafiə edən orqanlar, məktəbəqədər, ümumtəhsil və başqa müəssisələr valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddia qaldıra bilərlər.
Dövlət başçısı qanunun tətbiqi ilə bağlı müvafiq sərəncam da imzalayıb.

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a bildirib ki, əvvəlki dövrlərdə indiki müəyyən problemlər yox idi:
“Yəni əvvəlki dövrlərdə qadınların narkotikdən istifadəsi məsələsi geniş vüsət almamışdı. Ailədə zorakılıq və uşaqlara qarşı zorakılıq məsələsi aktual deyildi. Cənab Prezidentin təşəbbüsü ilə 10 il müddətinə uşaq strategiyası qəbul edilib. O strategiyada da müəyyən məqamlar öz həllini tapıb. İndi qanun təkmillişdirilməsi o strategiyaya istinadən dəyişdirilir. Valideynlik hüququnun məhdudlaşdırılması üçün ilk növbədə valideynə xəbərdarlıq edilməli və müəyyən dövr verilməlidir ki, o öz davranışını dəyişsin. Paralel olaraq valideynlərə də sosial xidmət göstərilməlidir. Valideyn tək başına davranışını dəyişə bilmirsə, ona kömək etmək lazımdır. Bəzi hallarda valideynləri valideynlik hüquqlarından məhdudlaşdırırlar. Yaxşı olar ki, valideynlik hüquqlarının məhdudlaşdırılmasına görə valideynlərə xidmət paketləri göstərilsin”.