Nazirlər Kabineti 17 sentyabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na dəyişikliyi təsdiqləyib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, uzunluğu 150 km-dən çox olan beynəlxalq marşrutlarda oturacaq yerlərinin sayı 23-dən az olan avtobuslarla müntəzəm sərnişin daşımalarının yerinə yetirməsinə icazə veriləcək.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Sherg.az"a bildirib ki, bu qərarı Beynəlxalq daşımalarda az tutumlu avtobuslar üçün yeni fürsət kimi dəyərləndirmək olar:
“Sərhədlərimizə olan məsafə 150 km dən artıq olduğuna görə bu qərarı beynəlxalq daşımalarda fərqli avtobus daşıyıcıları üçün yeni fürsət kimi dəyərləndirmək olar. Bu günə qədər daha çox iritutumlu avtobuslar fəaliyyət göstərirdisə, bu qərardan sonra oturacaq sayı 23-ə qədər olan avtobuslara da icazə veriləcək. Bu isə bazarda digər avtobus sahiblərinin həm iştirakını təmin edəcək, həm də payını artırmış olacaq. Zamanla bunun dahada böyük nəticəsini görə bilərik. Hazırda sərhədlər bağlıdır. Heç bir beynəlxalq sərnişin daşıma fəaliyyəti göstərilmir. Yalnız yükdaşıma xidməti fəaliyyət göstərir. Sərhədlər açıldıqdan sonra bunu daha real hiss edə biləcəyik.”