Artıq bəzi dövlətlərdə yeddi saatlıq iş rejiminə keçilib.
Bəs, ölkəmizdə belə bir addımın atılması gözləniləndirmi?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, fərqli ölkələrdə həm iş günlərinin sayı, həm də iş saatı ilə bağlı yanaşmalar müxtəlifdir:
“Hazırda bəzi ölkələrdə dörd günlük iş həftəsinin praktikası da öyrənilir. Yeddi saatlıq iş gününə gəlincə, onu deyə bilərəm ki, Azərbaycanın mövcud qanunvericiliyinə görə səkkiz saatlıq iş rejimi tətbiq olunur. Hazırda 8 saatlıq iş rejiminin dəyişdirilməsi ilə bağlı məsələ müzakirə olunmur və bu məsələnin müzakirəsi hər hansı bir instansiyada aparılmır”.
Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov "Sherg.az"a bildirib ki, bu gözlənilən hal deyil:
“Bu eksperiment səviyyədə həyata keçirilir. İş saatı və iş gününü azaltmaqla əmək haqqını eyni həcmdə saxlamaq olmur. Bu qərar o ölkələrdə tədbiq olunur ki, orada yüksək texnologiyalardan istifadə edilir və artıq işləməyə lüzum qalmır. Ancaq əvvəlkindən daha çox məhsul hasil olunur. Bu halda biznesmen artıq saatlarda işləməyi özünə əlavə xərc hesab edir və iş saatını azaldır. Bizdə də biznes sahəsində kim istəsə bunu edə bilər. Ancaq dövlət sektorunda bunun edilməsi gözlənilmir. Xarici ölkələrdə iş saatı azaldılan yerlərdə əmək haqqı azaldılmır. Lakin bizdə bunu edə bilməyəcəklər. Qanuna və konstitusiyaya görə bizdə iş saatı 8 saatdan artıq olmamalıdır. Yaxın gələcəkdə də belə dəyişikliyin edilməsi gözlənilmir. Əslində problem bizdə işçilərin 10-12 saat işlədilməsidir. Mənim fikrimcə bu mənasız müzakirədir.”