Mayın 6-da Tərtər rayonu ərazisində iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan birinin huşunu itirməsi və aparıldığı xəstəxanada ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır.
Tərtər şəhər 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova bildirib ki, hadisə tənəffüs zamanı, şagirdlər su içməyə gedəndə baş verib. Onun sözlərinə görə, məktəbin 10-cu sinif şagirdi A.Ə. bu gün 2 saat dərsdə iştirak edib, tənəffüsə çıxıb və geri qayıtmayıb: “Şagird tənəffüs zamanı məktəbin divarına bitişik şəhid bulağından su içməyə gedib. Zəng vurulub, şagird sinfə qayıtmayıb. Belə olanda şagirdin harada olması ilə maraqlandıq. Xəbər verdilər ki, şagirdimizi xəstəxanaya çatdırıblar və vəfat edib”.
Direktor baş verən davadan məlumatlarının olmadığını deyib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin Tərtər şəhər 5 saylı məktəbin şagirdi olduğu bildirilir.
Psixoloq-konsultant Zeynəb Əyyubova “Sherg.az”a bildirib ki, uşaqlarda aqressiyanın artması aqressiv oyunların oynanması, sosial şəbəkədə aqressiv işlərin təbliğ olunması və telefonların həyatımızın mərkəzi olmasından irəli gəlir:
“Ailədaxili münasibətlərdə problemin olması, boşanmalar, ata və ananın bir birinə şiddət göstərməsi də uşaqlarda aqressiyaya səbəb olur. Məktəblərdə praktik psixoloqlar artmalı və psixoloqların vəzifələri təyin olunmalıdır. Valideyn, məktəb və psixoloq arasında münasibət qurulmalıdır. Bu məsələlər ümumi araşdırmalıdır. Uşaq əvvəldən aqressiv hərəkətlər edirdisə ailəni bu məsələyə qatmaq və məktəbə çağırmaq lazımdır. Bu barədə işlər görülməlidir ki, biz hadisənin niyə və nə səbəbdən olduğunu bilək. Hadisə araşdırılmalı və birmənalı olaraq belə şeylərə çoxşiddətli cəzalar verilməlidir.”