Azərbaycan bu qədər araq istehsalında məşhurdursa, bizə niyə ölkədən kənara çıxa bilmirik? Vaxtilə Azərbaycanın “Ağdam” şərabı var idi. Deyirdilər, “Ağdam” şərabı ilə Rusiyanı “işğal” edəcəyik”.
Bunu Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı “Tütün və tütün məmulatı haqqında” və “Qida təhlükəsizliyi haqqında” qanunlarına təklif edilən dəyişikliyin müzakirəsində deyib.
Deputat bildirib ki, indi də Azərbaycanın yaxşı şərabları var: “Amma idxal yoxdur. Kənara çıxara bilmirik. Deməli, ya bunun keyfiyyəti aşağıdır, ya da iş düzgün qurulmayıb. Rayonlara gedəndə marketlərə baxırsan, qəşəng adlı araqları qoyublar, amma qiyməti 3-4 manatdır. Baxanda bilinir ki, saxtadır. Bəs, buna lisenziyanı kim verib? Mənim cavan dostum saxta araqdan rəhmətə getdi”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla "Sherg.az"a bildirib ki, bütün dünyada Ərzaq Təhlükəsizliyi Milli Təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir:
“Ərzaq məhsullarının keyfiyyət parametrlərinin yüksək olması dövlətin müvafiq qurumlarının qayğısında olmalıdır. Ərzaq istehsal və idxal edən şirkətlər də bunun fərqinə varmalıdırlar . Təəssüflər olsun ki, qida maddələrinin hazırlanması zamanı texniki standarların gözlənilməməsi bu cür faciələrə gətirib çıxarır. Bununla bağlı ciddi ölçü götürmək lazımdır.”