May ayının sonuna yaxın parlamentdə növbəti məlumatı təqdim edəcəyik. Orada boşanmalar, erkən nikah və cəmiyyəti narahat edən digər məsələlərlə bağlı informasiyalar veriləcək.
Bunu bu gün jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, bu zaman da bütün suallara aydınlıq gətiriləcək.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 6739 nikah qeydə alınıb. Boşanma hallarının sayı isə 3456 təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4-ə düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb.
Sosioloq Lalə Mehralı "Sherg.az"a bildirib ki, evlənən hər iki ailədən biri boşanır:
“Bu çox faciəvi və olduqca dəhşətli bir rəqəmdir. Bu rəqəm ailə deyilən bir məfhumun getdikcə yox olmağı deməkdir. Yarısı yox olub, yarısı orta qalan bir şey necə var ola bilər. Açıqlanacaq rəqəmlərdəndə xaruqələr gözləmirik. Hamımız artıq aşağı-yuxarı bilirik ki, hansı rəqəmlər açıqlanacaq. Bunu biz çoxdandı gözləyirik. Bunun olacağını 10 ildən artıqdı ki, yazırdıq, danışırdıq, televiziyada müzakirələr edirdik, məqalələr hazırlayırdıq və araşdırmalar təqdim edirdik. Heç bir tədbir görülmədiyi üçün bu gün vəziyyət bu dərəcəyə qədər gəlib çıxdı. Bu gündən sonra həyəcanla hər hansı tədbir görüləcəyi barədə açıqlamalar vermək, öhdəsindən gələcik və qarşısını alacağıq kimi vədlər vermək gərəksizdir. Alınmayacaq və olmayacaq. Möcüzə olsa bəlkə xilas etmək olar.”