Ədliyyə Nazirliyinin məhkəmələrin işinin təşkili sahəsində həyata keçirdiyi bir çox səlahiyyət Məhkəmə-Hüquq Şurasına həvalə edilib.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
Qanuna əsasən, məhkəmə statistikasının aparılması, məhkəmələrdə kargüzarlığın təşkil edilməsi, hakimlərin əmək və sosial hüquqlarının təmin edilməsi, məhkəmələrdə icra və əmək intizamına riayət edilməsi üçün tədbirlər görmək, birinci və apelyasiya instansiyası məhkəmələrində bu sahələr üzrə işin təşkili vəziyyətini yoxlamaq, həmçinin birinci instansiya məhkəmələrində sədr və sədr müavini vəzifələri vakant olduqda onların vəzifələrinin icrasını müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə həvalə etmək, birinci instansiya məhkəmələrinin hakimlərini onların razılığı ilə digər məhkəməyə ezam etmək, onlara məzuniyyət vermək, həmin məhkəmələrin aparatlarının strukturunu və ştat cədvəlini təsdiq etməklə bağlı hüquqlar Məhkəmə-Hüquq Şurasına aid edilir.
Digər dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyəti orqanının hakimlər barəsində intizam icraatının başlanılması barədə müraciət etməsi imkanı və hakimlərin həmin orqana ezam edilməsi qanundan çıxarılır. Hakimlərin öz razılığı ilə Məhkəmə-Hüquq Şurasının Aparatına ezam müddəti isə 1 ilədək müddətə azaldılır. Bundan başqa, layihədə Məhkəmə-Hüquq Şurasının hər hansı müraciət olmadan qanunla müəyyən edilmiş hallarda bütün instansiya məhkəmələrinin hakimləri barəsində intizam icraatı başlamaq vəzifəsi qeyd olunur.
Dəyişikliklər 2024-cü il iyunun 1-dən qüvvəyə minəcək.