"Alternativ parkinq yeri təşkil edilmədən, avtomobillər üçün alternativ və daha rahat yol təklif edilmədən yolları bağlayır, parkinqləri ləğv edirlər"
Paytaxtın mərkəzi hissələrinin “piyadalaşması” – avtomobilsizləşməsi davam edir. İndi də “Malakan bağı” kimi tanınan “Xaqani bağı”nın abadlaşdırılması və ərazinin avtomobilsizləşdirilməsi prosesinə başlanılıb. Baki Şəhər İcra Hakimiyyəti bununla bağlı məlumatında xüsusi layihə əsasında Xaqani bağı və ətraf ərazilərin abadlıqdan sonra necə olacağı görüntülərini təqdim edib. Qeyd olunur ki, sakinlərin müraciətləri əsasında aparılan işlər çərçivəsində parkın ərazisi genişləndiriləcək və piyadaların istifadəsinə veriləcək. Bu layihə bir müddətdir ki, icradadır. Mərkəzi küçələrin, parklar ətrafındakı ərazilərin piyadalaşması işi aparılır. Xatırladaq ki, bu ilin mart ayından etibarən bir sıra mərkəzi küçələrə avtomobillərin girişi ya məhdudlaşdırılıb, ya da tamamilə qadağan edilib. Hətta bu yenilikdən əziyyət çəkənlər sosial şəbəkələrdə narazılıqlarını da bildiriblər. Ekoloji təmizlik və piyadaların sərbəst, rahat hərəkəti baxımından küçələrin piyadalaşdırılması əlbəttə, təqdir olunmalıdır. Amma yenə, əmma var axı. Bəs avtomobil sahibləri, xüsusən avtomobillə uzaq məsafələr qət edib işə gələnlər, ətraf ərazilərdə yaşayanlar nə etsin? Baha qiymətə (parkinq qiymətləri bahalaşıb artıq) hər iş günü avtomobilini park etsin və əmək haqqının yarısını parkinqə xərcləsin? “İctimai nəqliyyatdan istifadəni stimullaşdırmaq” nağılını da bir kənara qoyaq. Kimsə bu nağıla inanmır. Çünki ictimai nəqliyyat sıfırdır. Çıxış yolu nədir, hardadır bəs? Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin bir müddət əvvəl elə həmin bu “Malakan bağı”yla bağlı açıqlaması belə idi ki, bu əraziyə avtomobillərin girişinin qadağan olunması ərazidə yaranan tıxacın qarşısını almaq niyyəti daşıyır. Bir az gülməli deyilmi? Tıxacın qarşısını almaq üçün girişi qadağan etmək yox, hərəkətə yol açmaq lazımdır. Ərazilər hərəkət üçün qapandıqca daha çox tıxac yaranacaq. Bunu başa düşmək istəmirlər, ya da sərf etmir, anlamaq.
Məsələ ilə bağlı “Sherg.az"a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov qeyd eydi ki, avtomobil sahiblərinin narazılığı anlaşılandır:
" Həmin əraziyə avtomobillərin girişi qadağan olundu, oradakı parkinq də ləğv edildi. Bizdə təəssüf ki, çox zaman belə olur. Əvvəlki nəyisə dəyişirlər, amma yenisi görünmür. Əvvəlcə yeni tətbiq olunsun, nəticəsinə baxılsın, uyğundurmu, çətinlik olacaqmı, nə çətinlik olacaq, hansı problem yarana bilər... bunları müəyyən etməmiş, kimin ağlına nə gəlir, onu edir. Əziyyət çəkənsə yenə də vətəndaşlar olur. Alternativ parkinq yeri təşkil edilmədən, avtomobillər üçün alternativ və daha rahat yol təklif edilmədən yolları bağlayır, parkinqləri ləğv edirlər. O ərazidə, yaxın ətrafda başqa bir parkinq yeri təşkil etmək mümkün deyilsə, əvvəlki olduğu kimi yerində qalmalıdır. Bizim şəhərdə isə hər zaman eyni nöqsanlar, eyni xətalar təkrarlanır. Nəyisə ləğv edirlər, amma əvəzləyicisi olmur. Deyirlər, edəcəyik. Müəyyən zaman keçir, insanlar narahat olur, narazılıq yaranır, uzun müddət sonra, baxırsan ki nəsə edildi. Amma yenə əvvəlki rahatlıq təmin edilmir. Bir şeyi ləğv etmədən, bunun nəticəsini də görmək lazımdır və ona uyğun tədbir görülməlidir. İşlər paralel aparılmalıdır. Vətəndaş niyə günlərlə, aylarla avtomobilini saxlamağa yer tapmamalıdır? Parkinq qiymətləri də orta aylıq əməkhaqqı müqabilində hesablanmalıdır. Bəli, aydındır, insanları ictimai nəqliyyata yönləndirmək məqsədi var. Müsbət, faydalı məqsəddir. Amma ictimai nəqliyyatda problemlər həllini tapmayıbsa, avtobuslar saatlarla tıxaclarda qalırsa, sıxlıq, basabas davam edirsə, kimdənsə şəxsi avtomobillə hərəkət etmə, avtobusa min, deyə tələb etmək də olmaz. Şəhər infrastrukturu şəhər sakinlərinin rahatlığına xidmət etməlidir. Kimsə avtomobilini saxlamağa yer tapmırsa, bir başqası avtobus dayanacağına çatmaq üçün metrlərlə məsafə qət edirsə, bəzi küçələri avtomobilsizləşdirmək, piyadayönümlü etmək, sadəcə, görüntü xarakteri daşıyır. Şəhər rəbhərliyi səkiləri piyadalara qaytara bilmir, əvəzində küçələri avtomobillərin üzünə bağlayır. Belə tərs bir durum var".