Uşaq evliliyi ilə bağlı toy məclislərinin təşkil olunduğu məkan sahiblərinin məsuliyyətə cəlb olunması təklif edilir.
Bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.
Dövlət Komitəsi uşaq evliliyi ilə bağlı toy məclislərinin təşkil olunduğu məkan sahibləri üçün məsuliyyətin nəzərdə tutulmasını təklif edir.
Sosioloq Əhməd Qəşəmoğlu "Sherg.az"a bildirib ki, qızların erkən evliliyə cəlb olunmasının qarşısını almaq üçün onları rayonda işlə təmin etmək lazımdır :
"Bu istiqamətdə valideynlər arasında danışıqlar aparmışam. Valideyn söyləyir ki, qızım məktəbi bitirdikdən sonra Bakıya oxumağa göndərmək üçün imkanım və rayonda iş yeri yoxdur, indiki halda onu evləndirmək ən yaxşı variantdır. Bu səbəbdən həmin qızlara kömək etmək vacibdir. Tənqid etmək çox asanddır, lakin tədbirlər görülməlidir. Geniş sosialoji sorğu etməliyik ki, problemin mahiyyətini anlayaq. Rayonlarda iş yeri yoxdur. Valideynin isə övladını oxutmaq üçün maddi məvacibi olmadığı təqdirdə nə etməlidir? Toy məclislərinin təşkil olunduğu məkan sahiblərinin cəzalandırılmasına gəldikdə isə bu primitiv vasitədir. Birinci növbədə yumşaq metodlardan istifadə edilməli, maarifləndirici söhbətlər aparılmalıdır. Məsuliyyətə cəlb olunmaqla məsələ həll olunmur. Qarşılığında onlar bildirəcəklər ki, günahım yoxdur. Təəssüf ki, bu istiqamətdə effektiv işlər görülmür".