Fövqəladə hallara hazır olmalıyıq

İctimai və dövlət maraqlarının müdafiəsi

Hər bir vətəndaş mülki müdafiə qaydalarını bilməlidir
 

 Kataklizmlər dövründə yaşadığımızdan insanların fəvqəladə vəziyyətlərdə davranış qaydalarını bilməsi zərurətdir. Təbii fəlakətlərin qarşısını almaq çətin, bəzi hallarda hətta mümkünsüz görünür. Lakin fəlakətlərdən sığortalanmaq, minimal zərərlə çıxmaq mümkündür. Bunun üçünsə insanlar gözlənilməz, ani baş verən hadisələr zamanı düzgün davranış qaydalarını bilməli və təhlükəsizliyin maksimum təmin edilməsinə çalışmalıdırlar. Bu məsələdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müxtəlif regionlarda təşkil etdiyi maarifləndirmə tədbirləri, təlim və məşqlər xüsusi əhəmiyyət daşıyır. Müsbət haldır ki, FHN bu tip tədbirləri işğaldan azad edilmiş bölgələrimizdə də həyata keçirir. Məlumdur ki, işğaldan azad edilmiş bölgələrdə sakinlər üçün əsas təhlükə erməni separatçılarının vaxtilə basdırdığı minalardır. Həm piyadalar, həm də hərbi texnika əleyhinə minalar 44 günlük Vətən müharibəsindən sonrakı quruculuq dövründə neçə-neçə vətəndaşımızın həlakına səbəb olub. Təhlükə bu gün də qalmaqdadır və minaaxtaran cəsur insanların misilsiz əməyi, qəhrəmanlığı sayəsində aşkar edilərək zərərsizləşdirilir. Lakin bu, vətəndaşlarımızın səhlənkar, məsuliyyətsiz davranması üçün əsas olmamalıdır.  Dövlətimizin və ictimaiyyətin maraqları hər birimizdən diqqətli və məsuliyyətli olmağı tələb edir. FHN tərəfindən müxtəlif bölgələrdə təşkil olunan maarifləndirmə tədbirləri, təlim-məşqlər vətəndaşlara təhlükəsizlik qaydalarının öyrədilməsi məqsədi daşıyır. May ayı ərzində FHN bu tədbirlərin keçirilmə intensivliyini artırıb. Bu həm də yay mövsümünün yaxınlaşması səbəbindən yanğın, subasma, daşqın, suda boğulma hallarının artma ehtimalı ilə bağlıdır. Müsbət cəhət həm də budur ki, tədbirlər orta məktəb şagirdləri arasında da keçirilir. Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Laçın şəhər 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Qeyd olunur ki, tədbirin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə məktəb kollektivinə müvafiq birliklərin verilməsidir. Tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. İnteraktiv formada keçirilən tədbir zamanı suallar ətraflı cavablandırılıb. FHN Gəncə Regional Mərkəzi tərəfindən isə Gədəbəy şəhəri, İ.Əliyev adına 1 nömrəli tam orta məktəbdə nümunəvi mülki müdafiə məşqi keçirilib. Məşqin keçirilməsində məqsəd mülki müdafiə üzrə tədbirlər planının reallığının yoxlanılması, məktəb kollektivinə mülki müdafiə sahəsində müvafiq biliklərin və əməli vərdişlərin aşılanması olub. Tədbirin nəzəri hissəsində məktəb kollektivinə mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə ətraflı məlumat verilib. Praktiki hissədə isə baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar məktəb kollektivinin təxliyəsi, “zərərçəkmişlərə ilkin yardımın göstərilməsi” və digər əməliyyatlar icra olunub. Uğurla keçən məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib. Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Lənkəran Peşə Liseyində fövqəladə hallar zamanı davranış qaydalarının təbliği məqsədilə təlim keçirilib. Təlimə FHN-in yerli qurumlarının qüvvələri, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları, eləcə də Lənkəran peşə liseyinin xilasetmə manqası cəlb olunub. Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, təxliyə barədə məlumat verilib, suallar cavablandırılıb. Sonra keçirilən sərgidə tədbir iştirakçılarına yanğınsöndürmə, xüsusi xilasetmə və təcili tibbi yardım avtomobillərində olan avadanlıqlardan, yanğınsöndürmə və təcili tibbi yardım vasitələrindən istifadə qaydaları haqqında ətraflı məlumat verilib.  Daha sonra davam etdirilən praktiki hissə çərçivəsində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında tədbirə cəlb olunan qurumların qüvvələri ilə qarşılıqlı fəaliyyətdə peşə liseyinin müəllim və şagird heyətinin “təhlükəli ərazidən” təxliyə edilməsi, onlara təxirəsalınmaz ilkin yardım göstərilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması, xilasetmə və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib. Bundan başqa, FHN Gəncə Regional Mərkəzi Gəncə şəhərində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyindəki Abbas Səhhət adına xəstəxanada “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirib. Məşqin keçirilməsində əsas məqsəd fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən rəhbər heyətin funksional vəzifələrini yerinə yetirmələri üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılığın və operativliyinin artırılmasından ibarət olub.  Məşqdə şərti fövqəladə hadisə ilə əlaqədar rəhbər heyətin mülki müdafiə qüvvələrinin idarə edilməsi üzrə fəaliyyəti simulyasiya edilib. Məşqdən sonra nəticələr təhlil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.

 FHN-in müxtəlif bölgələrdə keçirdiyi maarifləndirici tədbirlərin əhəmiyyəti barədə “Sherg.az”a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev qeyd etdi ki, vətəndaşlar fövqəladə hallarda necə davranmalı olduqlarını bilməlidirlər:

 - Bu baxımdan FHN-in tədbirləri əhəmiyyətlidir. Xüsusən, nəzərə alaq ki, bu tədbirlər orta məktəblərdə, liseylərdə, xəstəxanalarda keçirilir. Faciəvi hadisə idi, amma yada salaq ki, Perinatal Mərkəzdə yanğın baş verdikdə orada çalışan personalın heç də hamısı doğru hərəkət etməyib. Əgər işçi heyət yanğından mühafizə, yanğınsöndürmə, təxliyə məsələlərini düzgün bilsəydi, tələfat daha az olardı. Hər il yay mövsümündə FHN əhaliyə xəbərdarlıq edir ki, meşəlik ərazilərdə yanğın təhlükəsizliyinə, su hövzələrində təhlükəsizlik qaydalarına əməl edilsin. Amma görürük ki, vətəndaşlarımız arasında bu xəbərdarlığa əhəmiyyət verməyənlər də tapılır. Nəticədə faciəvi hadisələr baş verir. Müsbət haldır ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin olunması, o cümlədən əhalinin bu istiqamətdə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, FHN Dövlət Yanğın Nəzarəti Xidməti Muğan Regional Mərkəzi ilə birgə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Salyan rayonunda regional seminar-müşavirə keçirib. Tədbirdə FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Muğan Regional Mərkəzinin, həmçinin Salyan Rayon İcra Hakimiyyətinin, regionda fəaliyyət göstərən polis şöbələrinin məsul əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzinin və Şirvan Milli Parkının, Kənd Təsərrüfatı Nazirliyinin Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin səlahiyyətli nümayəndələri, bələdiyyə sədrləri və iri təsərrüfat sahibləri iştirak ediblər. Seminar-müşavirədə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb, yanğın təhlükəsizliyi ilə bağlı müvafiq qaydalar izah olunub. Tədbirdə yerli idarəetmə orqanları tərəfindən də əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi vurğulanıb. Tədbirdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.  FHN Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Lənkəran şəhərinin Xəzər dənizi sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib. Təlimin keçirilməsində əsas məqsəd xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatlarının aparılması, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub. Müvafiq qurumların əməkdaşlarının iştirak etdiyi təlim zamanı şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı xilasedicilər “zərərçəkmişləri xilas edərək ilkin yardım göstərdikdən” sonra aidiyyəti üzrə təhvil veriblər. Təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib. Bu cür tədbirlərin davamlı olması zəruridir. İnsanları maarifləndirmək, təhlükələrin minimuma endirilməsinə çalışmalıyıq.