Əgər vətəndaşın eyni anda iki hüququ yaranarsa, məsələn, həm ailə başçısını itirməyə görə, həm də yaşa görə pensiya almaq hüququ olursa, mövcud qanunvericiliyə əsasən bir pensiyadan digərinə keçid yalnız onun yazılı müraciətindən sonra baş verə bilər.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“Vətəndaş desə ki, yaşa görə verilən pensiyanı yox, ailə başçısını itirməyə görə verilən pensiyanı istəyir, bu zaman müraciət edir və onun hüququ təmin edilir. Biz də ən yüksək pensiya hansıdırsa, onu təyin edəcəyik. Bu təqribən ilə 6-7 min insanı əhatə edir. Bəzən heç onların məlumatı da olmur ki, onların iki hüququ var. Məsələn, yaşa görə pensiyasını alır və başa düşmür ki, həyat yoldaşı vəfat etdikdən sonra onun pensiyasının şamil olunması ilə pensiya məbləği artırıla bilər. Vətəndaşın məlumatı olmasa da, “Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişiklə bunu elektron qaydada təmin edəcəyik”, - deyə nazir bildirib.