Borclunun həyat sığortasına malik olması zəruridir
Günün iqtisadi mövsuzu istehlak kreditləri üzrə həyat sığortasına ehtiyacın olmasıdır. İnsanları ən çox maraqlandıran isə "məgər borclunun sığortası yoxdur ki, borcu vərəsələrdən tələb edirlər" sualıdır.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə “Sherg.az”a açıqlamasında deyib ki, sığorta yalnız ipoteka kreditləri üzrə var. Digər istehlak kreditləri üzrə isə yoxdur:
“Vəfat etmiş şəxsin borcunu isə vərəsələri ödəməlidir. Yəni onlara çatmış miras həddində. İlk baxışdan problem yoxdur: vərəsəyə əmlak çatıbsa, onu da borcla əvəzləşdirə bilər və üzərinə artıq yük düşmür. Amma məsələ o qədər sadə deyil. Məsələn, ölən şəxsin adına ev varsa və ailəsi də orada yaşayırsa, elə ev də miras əmlakı təşkil edir. Deməli, vərəsələr ya öz hesablarına borcu ödəməlidir, ya da evdən məhrum olacaqlar. Məhz bu cür halların olmaması üçün borclunun həyat sığortasına malik olması zəruridir. Təbii, bu, kreditin alınması üzrə borclunun xərclərini artıracaq, çünki sığortaçıya da ödəniş edilməlidir. Amma son nəticədə həm borclunu (ailəsini), həm də bankı gələcək risklərdən qoruyacaq. Eyni zamanda sığortaçılar üçün də əlavə gəlir mənbəyi yaranacaq. Odur ki, kredit təşkilatları və sığortaçılar bu məsələ üzrə istehlakçılara müvafiq məhsulu təklif etməlidir. Məsələnin qanunvericilikdə təsbiti də olduqca vacibdir”.