Qarabağa səfər edən Şimali Kipr Türk Respublikasından (ŞKTR) olan şəhid ailələri və ictimai xadimlərdən ibarət nümayəndə heyəti Şuşadan sonra Xocalı və Ağdamda olublar.
APA-nın Qarabağ bürosu xəbər verir ki, onları Azərbaycandan olan şəhid ailələrinin üzvləri müşayiət edib. Xocalıda şəhid məzarlarını ziyarət edən nümayəndə heyəti ermənilər tərəfindən törədilən vəhşiliklər, şəhərin 30 ildən artıq bir müddətdə işğal altında qalması, 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin suverenliyinin təmin olunması barədə məlumatlandırılıb.
Nümayəndə heyəti sonra Ağdam şəhərindəki Şəhidlər xiyabanında olub.
Bildirilib ki, burada Birinci Qarabağ müharibəsində şəhid olanlar, o cümlədən Xocalı soyqırımında öldürülən sakinlərin bir hissəsi dəfn edilib. Ağdamda hər şeyi məhv edən işğalçılar Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar.
Qeyd edək ki, səfər “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin icra etdiyi “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” layihəsi çərçivəsində təşkil olunub. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.