Azərbaycanda təhsilverənlərə xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkmək qadağan edilib.
Bu, yeni təsdiqlənən “Təhsilverənlərin etik davranış Qaydaları”na öz əksini tapıb.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarına əsasən Təhsilverənlərin etik davranış Qaydaları təsdiqlənib.
Yeni qərarı dəyərləndirən sosioloq Əhməd Qəşəmoğlu "Sherg.az"a açıqlamasında deyib ki, siqareti qəfildən qadağan etmək doğru metod deyil:
"Çünki həyatda elə vərdişlər var ki, ondan qopmaq olmur. Əvvəlcə bununla bağlı yumşaq üsullarla fəaliyyət proqramı hazırlamaq lazımdır. Adam vərdiş etdiyi bir şeydən ayrıla bilmir. Siqaret istifadəçilərinin heç biri onu kefindən çəkmir. Bəziləri bunun ziyan olduğunu bilsə də həmin vərdişdən əl çəkə bilmirlər. Hətta, həmin adama anidən qadağa qoyduqda stress də keçirə bilər. Təbii ki, siqaret çəkmək insan sağlamlığı üçün təhlükəli vasitələrdən biridir və tədricən bunu aradan qaldırmaq lazımdır".