Azyaşlının magistral yolda avtomobil idarə etməsi yolverilməzdir -EKSPERT

Ötən gün aeroport yolunda təhlükəli anlar yaşanıb.
Yayılan görüntülərdə sürücünün “Toyota Prius” markalı avtomobili qucağındakı azyaşlı ilə birgə idarə etdiyini görmək mümkündür. Baş verənlər digər sürücüləri təşvişə salıb. Hadisə ilə bağlı Baş DYP İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, sürücü özü ilə yanaşı uşağın da həyat və sağlamlığını düşünməyib:                                                       “Sözügedən videoda açıq-aşkar görünür ki, nəqliyyat vasitəsinin, sükanın idarəsi sürücüdən başqa həm də uşağa həvalə olunub. Bu, birmənalı olaraq kobud qayda pozuntusudur. Nəzərə almır ki, nəqliyyat vasitəsinin belə idarə olunması sonra arzuolunmaz hadisələrin baş verməsinə gətirib çıxara bilər. Qeyd olunan videodakı sürücü tərəfimizdən araşdırılır. Onunla bağlı qanunvericiliyə müvafiq tədbirlər həyata keçiriləcək. Qayda pozuntusu inzibati məsuliyyət yaradır. Eləcə də həmin sürücü və azyaşlı ilə profilaktik söhbətlər aparılacaq”.

Nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az"a deyib ki, ölkəmizdə qanunlar 18 yaşından aşağı şəxslərə avtomobil idarə etməyə icazə vermir:

"Buna baxmayaraq, indiki hallarda yollarda 13, 14 yaşlı uşaqların da maşın sürdüyünü görmək olur. Valideynlər bu formada sanki, uşağına olan sevgisini bildirmək istəyirlər. Təbii ki, azyaşlının magistral yolda avtomobil idarə etməsi yolverilməzdir. Həmin adam 60 manat cərimə olunur. Bununla həm valideyn özünün, övladının, həm də yolda hərəkət edən digər şəxslərin həyatına təhlükə yaradır. Aeroport yolunda sürət həddi çox olduğundan, azyaşlının maşın idarə etməsi çox təhlükəlidir. Ona görə də bu istiqamətdə cəmiyyətdə maarifləndirici işlərinin aparılması mütləqdir".