Humanizm: Prezident hər il yüzlərlə insanı əfv edir

Prezident İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın icrası yekunlaşıb.
APA xəbər verir ki, əfvin icrası Ədliyyə Nazirliyin Penitensiar Xidmətinin müəssisələrində və Probasiya xidmətində həyata keçirilib.
Ümumilikdə əfv sərəncamı 154 nəfərə şamil edilib.

Onlardan 63 nəfər azadlıqdan məhrum etmə cəzasından azad edilib, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, 1 nəfər təxirə salınmış cəzadan azad edilib, 28 nəfər elektron qolbaqdan azad edilib, 3 nəfərin də elektron qolbaq cəzası yarıya salınıb.

İslah işlərinə məhkum edilmiş 2 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Cərimə cəzasına məhkum edilmiş 4 nəfər cəzadan azad olunub, 1 nəfərin isə məhkumluğu üzərindən götürülüb.

Bundan başqa azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 8 nəfər əcnəbi cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Əfv edilənlərdən 5-i Əfqanıstan, 2-i Türkiyə, 1-i isə Rusiya vətəndaşıdır.


Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Sherg.az”a bildirib ki, bu 1995-ci ildən başlayaraq Ulu öndər və Prezidentimiz İlham Əliyev tərəfindən verilən 70 ci əvf sərəncamıdır:

“Ümumilikdə bu sərəncam 9700 dən çox insana şamil edilib. Hər il cənab prezident konstitusiya ilə ona verilmiş bu humanist hüquqdan istifadə edərək yüzlərlə insanı əfv edir. Biz hüquq müdafiəçiləri olaraq bu dəfəki əfvi normal dəyərləndiririk. Ümumilikdə əfv sərəncamı şamil edilən şəxslərə deyil, həmdə onların ailə üzvlərinə, yaxınlarına və dostlarına sevinc bəxş edən humanist aktdır. Təxminən 140-160 nəfər hər əfv sərəncamında əfvin təsiri altına düşür. Bu artıq minlərlə insana sevinc bəxş etmək deməkdir. Hər zaman olduğu kimi cənab prezident İlham Əliyev humanizm nümayiş etdirir. Əfv sərəncamının altına düşən insanlarda gərək cənab prezidentin onlara göstərdiyi bu humanist addımı, cəmiyyətə adaptasiya olunması üçün yaradılan şəraiti və ailələrinə qovuşmaq üçün atılan addımı dəyərləndirərək gələcəkdə cinayət xarakterli əməllərdən çəkinsinlər. Bir daha onların yolu həbsxanalara və cəza çəkmə müəssisələrinə düşməsin. Bu baxımdan insanlar cənab prezidentin bu addımını yüksək dəyərləndirməlidir.”