İlahiyatçı: Davamlı Həccə gedənlər Allah üçün getmir, onlar dələduzlardır

İyunun 4-də Azərbaycandan həcc ziyarətinə ilk zəvvar qrupu yola düşüb. Onları yola salmaq üçün ilk dəfə olaraq Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli Heydər Əliyev Beynəlxalq Aeroportuna gəlib. O, həcc ziyarətinə gedənlər üçün dualarını çatdırıb, uğur arzulayıb:
"Azərbaycandan olan ilk zəvvar qrupunu, bacı və qardaşlarımızı həcc ziyarətinə yola salmaq üçün gəlmişik. Onların ikinci ölkəsi olan Səudiyyə Ərəbistanına gedirlər. Əmin ola bilərsiniz ki, Səudiyyə Ərəbistanının kralı, vəliəhdi bütün imkanları səfərbər ediblər ki, həcc ziyarətinə gələn zəvvarlara gözəl xidmət göstərsinlər. Allahdan istəyirəm ki, onların həcc ziyarəti qəbul olsun. Arzu edirəm ki, Azərbaycana gözəl xatirələrlə və sağlam şəkildə geri dönsünlər. 190 ölkədən gələn müsəlmanları qəbul etmək heç də asan məsələ deyil. Müxtəlif mədəniyyətlərə sahib olan və müxtəlif yaşda olan insanları idarə etmək çətindir, bu, çox iş tələb edir, lakin şükür Allaha ki, Səudiyyə Ərəbistanı Krallığı bu cür insan axınlarını idarə etməkdə böyük təcrübəyə malikdir. Səudiyyə Ərəbistanı Allahın qonaqları üçün bütün xidmət imkanlarının hamısını bu sahəyə səfərbər edir. Mənim də bu gün burada olmağım, Azərbaycandan olan zəvvarları ilk dəfə yola salmağım - bu ölkəyə olan qardaşlıq hörmətim və diqqətimdir. Arzu edirəm ki, sağ-salamat öz ölkələrinə geri qayıtsınlar".                                                                                           
On beşinci dəfədir həcc ziyarətinə gedən Cavanşir Aşurov deyir ki, ziyarətdən doymaq olmur:                                                  "Oranı görmək lazımdır, o qədər gözəl keçir. Allah Azərbaycan xalqından razı olsun! Şəhidlərimizə rəhmət etsin! 15 dəfə getməyim boşuna deyil. Allah sizə də qismət eləsin!" Sahibkar Zərrintac İsmayılova isə arzusunun reallaşdığı üçün ikinci dəfə həcc ziyarətinə getdiyini bildirib:                                                                                                                
"Mən ikinci dəfədir ki, gedirəm, bir arzum vardı, o da yerinə yetib. İndi Allahın evinə gedirəm. Demişdim, dövlətimiz üçün əmin-amanlıq olsun. Xalqım üçün, Prezidentim üçün dua edəcəyəm".                                                                                                                               
Qeyd edək ki, Azərbaycanda həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 12-dən başlayıb. Ziyarətin bir nəfər üçün qiyməti 5 850 ABŞ dolları təşkil edir. Xatırladaq ki, iyunun 16 və 17-də Azərbaycanda Qurban bayramıdır.
Bəs görəsən, dəfələrlə həccə gedib hər dəfə 10 min dollar xərcləmək nə dərəcədə doğrudur ?

Həcc ziyarətinin dinimizin imkanlı müsəlmanlara vacib qıldığı ibadət növü olduğunu deyən ilahiyyatçı Tural İrfan  “Sherg.az”a söyləyib ki, bunun ictimai mahiyyəti var:
“ Belə ki, dünyanın hər yerindən gələn müsəlmanlar ildə bir dəfə bir yerə toplanır. Sanki, beynəlxalq konfrans çağırılır. Fəlsəfi baxımdan isə Peyğəmbər Həcci kiçik qiyamət adlandırır. Müsəlman özünü Məhşərdə təsəvvür edərək ağ kəfəndə, ayaqyalın, başıaçıq Allahın hüzurunda olduğunu hiss etməlidir. Ən əsası ora hazır getməlisən. Həcc ziyarət deyil, ibadətdir. Peyğəmbər və imam Əli ömründə cəmi bircə dəfə Həccdə olub. İndiki zamanda davamlı Həccə gedənlər Allah üçün getmir, onlar dələduzlardır. Qonşusu ac, atası qocalar evində Həccə gedənlər var. Yüksək məbləğdə pul verib hər il ora getmək olmaz. Bunu edənlər dindən uzaq adamlardır. Çoxu heç kəlimeyi şəhadəti bilmir. Yəni, İslam hüququ prinsipləri ilə götürsək, heç müsəlman sayılmırlar. Sadəcə turist səfəri kimi, pullarını bilmirlər hara xərcləsinlər. Ancaq imanları da yoxdur. Çünki iman olsa, hər il 10-15 min manatı israf etməz, ölkədəki qazilərə, kasıb ailələrə, ağır və çarəsiz xəstələrə xərcləyər. Demək ki, bunların imanı da yoxdur. Belə adamları İslama aid etmək doğru olmaz. Peyğəmbər buyurur ki, qonşusu ac ikən tox yatan müsəlman deyil. Yaşadığı yerdə ac olan varsa, özü tox olduqda bu zaman o ac doyana qədər varlıların boynunda haqq var. Dininiz israfın, cəhalətin əleyhinədir”.                                                                

 T.İrfan qeyd edib ki, hər il Həccə gedən, cahil, xəsis adamlara üz tutub səslənirəm, məsicin qapısı açıqdır, gərək itin də həyası olsun:                                                                     
“Allah insan deyil ki, onları oradan, qovaraq  get öz ölkəndə kasıba, miskinə, aclara yardım et desin. Nə həyasız, nə üzlü, nə sırtıq insanlar var. Bəzi adamlar olur yerli- yersiz qonaq gedib gündə qonşunu bezdirir, nə yatmağa qoyur, nə istirahətə imkan verir. Bax belələri də ona bənzəyir. Özlərinə "hacı" adını fəxarət, şöhrət titulu götürüb camaatın zəhləsini tökdükləri bəs deyilmiş kimi ora da gedib hər il Allahın da zəhləsini tökürlər. Belələri cəmiyyət üçün pis nümunə, insanlıq üçün virusdur. Adamın bir həyası, abırı olar. Məkkə sənin üçün Kislovodskidir, Yesentukidir yoxsa, Antalyadır? Oranı arxac yerinə niyə döndərirsən? Sənin imanın, dinin, hansı xidmətin var? Hər il niyə imanlı adamların yerini dar edirsən? Sənin imanın olsa, minlərlə imanlı, təqvalı, əxlaqlı, ancaq kasıb, yalavac adamları Həccə yığıb göndərərdin. Bu dünyanı da, o dünyanı da beşəlli qapırsan,. Səni tamah aparır. Elələri düşünür ki, Allahı da aldada, ona rüşvət verə bilər. Ancaq qətiyyən belə deyil. Hər il verdiyin10-15 min manatlarla əzabını, günahını artırırsan, cəhənnəmi satın alırsan”.