Sabirabad rayonunda bir yaşlı uşaq ehtiyatsızlıqdan ölüb. 2023-cü il təvəllüdlü Xanbala Əhmədov yaşadığı Qalağayın kəndində evdə beşikdə olarkən boğulub. Saat 20 radələrində körpənin yaxınları onun yatdığı yerdə boğularaq vəfat etdiyini görüblər. Hadisə ilə bağlı araşdırma aparılır.
Son vaxtlar bu cür bədbəxt hadisələr tez-tez yaşanır. Buna səbəb valideyn səhlənkarlığıdır? Əgər belədirsə, valideyn diqqətsizliyi niyə artıb?
Məsələyə münasibət bildirən sosioloq Mətanət Məmmədova "Sherg.az"a deyib ki, uşaq ölümlərinin faciəvi şəkildə baş verməsi valideynlərin diqqətsizliyinin və məsuliyyətsizliyindən qaynaqlanır:
"Xüsusi ilə analar günahkardırlar. Çünki ailə başçısı olaraq kişilər, günün çox hissəsini işdə olur. Ona görə də uşaqlar ananın himayəsində qalırlar. Beşikdə uşağın boğularaq ölməsi dəhşətdir. Həmin körpə neçə saat həyatla mübarizə aparıb. Maraqlıdır, həmin vaxt ana harada olub? Bu səbəbdən ana cinayyət məsuliyyətinə cəlb olunmalıdır. Hətta, çox vaxt azyaşlıların binadan düşərək öldüyünü görürük. Analar bu kimi, təhlükəli ərazilərdə uşaqlarına niyə diqqət etmirlər? Ana olmaq istəyən qadınlar uşağı saxlaya biləcəkləri təqdirdə dünyaya gətirməlidirlər. Beşikdə olan körpəyə görə birbaşa ana cavabdehdir. Bir sözlə, laqeyd analar cinayyət məsuliyyətinə cəlb olunmalıdır ki, başqalarına dərs olsun. Müasir dövrdə qadınların çoxu vatsapda qeybət, instaqramda geyim səhivələrini izləməklə məşğuldur. Yəni, burada sosyal şəbəkələri diqqətsizliyə səbəb olan amil olaraq göstərmək olar. Bu kimi neqativ halların qarşısını almaq vacibdir. Çünki uşaqlar bizim gələcəyimizdir. Heç kim analara başı qarışdığı üçün övladlarının qatili olma haqqını vermir. Onlar Allahın bəxş etdiyi möcüzədirlər. Ona görə də əmanətə sahib çıxmalıyıq".