Ötən gün "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində qazdan zəhərlənmə hadisəsi baş verib. Bildirilib ki, hadisənin baş verdiyi yerdən beş nəfərin - Tural Şabəddin oğlu Səfərəliyev, Orxan Zaur oğlu Şahbazov, Namik Əli oğlu Yolçuyev, Teyyub Eyyub oğlu Ağayev, Samid Abdulvahab oğlu Məmmədovun meyitləri çıxarılıb.
Hər il dünyanın müxtəlif istehsalat sahələrində mürəkkəb qurğulardan tutmuş, saxlanma çənlərinədək qapalı məkanlarda çox sayda insanın həyatını itirdiyini deyən əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev "Sherg.az"a bildirib ki, ölənlərin sırasına oradakıları xilas etməyə çalışan, xüsusi təlim keçməmiş, fərdi ləvazimatlarıolmayanlar da daxildir:
"İş yerlərində istehsalat qəzalarının qarşısını almaq üçün ciddi tədbirlər görülməli və nəzarət gücləndirilməlidir. Baş verən bədbəxt hadisələrin əksəriyyətinin səbəbi iş yerlərində təhlükəsizlik qaydalarına biganə yanaşma ilə bağlıdır. Hansısa iş icra olunmadan öncə, işçilər mütləq təlimatlandırılmalıdır. Xüsusi ilə qapalı ərazilərdə görülən işlər zamanı işçilər dövrü olaraq hər 3 ayda bir dəfədən az olmayaraq, təlimatdan keçirilməlidirlər. İşə qəbul olunan şəxslər vaxtaşırı tibbi müayinə olunmalıdır. Müəsisə işçilərin xüsusi fərdi mühafizə vasitəsi ilə təmin edilməlidir. Bu Əmək Məcəlləsinin tələblərində də qeyd olunub. Qapalı sahə ilə əlaqədar ölkəmizdə xüsusi qaydalar mövcud olmadığına görə, 1997-ci ildə Böyük Britaniya qanunlarına istinad edilərək mexanizmlər tətbiq olunur. Fikrimcə, Azərbaycanda bununla bağlı məxsusi standartlar qəbul olunmalıdır. Burada öncədən planlama gərəklidir. Belə ki, hər an qaz yoxlayıcı şəxslər tərəfindən zəhərli qazın mövcud olub-olmaması yoxlanmalıdır. Həmçinin, özəl qaz dedektorları olmalıdır ki, qaz sızmasından məlumatlı olsunlar''.
Ekspert vurğulayıb ki, qapalı məkanlarda hansısa neqativ halların qarşısını almaq üçün xilasedici komandalar təşkil olunmalıdır:
"Son baş verən hadisədən göründüyü kimi, nəzarətçi bir şəxs məlumatsız olsa da insanları xilas etməyə çalışıb. Təəssüf ki, onun da həyatını qurtarmaq mümkün olmayıb. Ona görə də xilasetmə işlərini təşkil edən şəxslər bununla bağlı bilikli olmalıdırlar. Bu zaman köməyə ehtiyacı olanları xilas edərkən özlərinin də həyatını təhlükəyə atmasınlar".